"ABŞ-ın düşməni olmaq çox təhlükəlidir, onun dostu olmaq isə ölümcül təhlükəlidir. Bu, təkcə ABŞ-a aid deyil, qurucularının dediyi kimi, imperiya və ya imperializm maniyasından əziyyət çəkən hamı üçün belədir. Beləliklə, bir sıra rusiyalı siyasətçilərin Azərbaycana qarşı bu cür son dərəcə qeyri-dost davranışının psixi səbəbini müəyyən etmək asan olsa da, “imperiya şizofreniyası hücumu”nun arxasında konkret olaraq nəyin dayandığını ancaq ehtimal etmək olar".
Bakupost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O qeyd edib ki, Kremlin heç vaxt öz “tərəfdaşlarına”, hətta strateji müttəfiqlərinə qarşı vaxt səmimi olmayıb:
"Məsələn, “dost Lukaşenko” üçün “Tixanovskilər ailəsi layihəsi”, "dost Paşinyan" üçün Vardanyan-Karapetyan-Köçəryan layihəsi olub. Və ya “dost” N.Nazarbayevin siyasi taleyi və s.
Ona görə də Prezident İ.Əliyevin xüsusilə Qələbədən sonra xeyli güclənmiş nüfuzu “Üçüncü Roma” varislərinin siyasi imperiya psixologiyasına ziddir".
Sabiq nazir hesab edir ki, FTX rəhbərliyinin bilavasitə iştirakı ilə Rusiyanın Yekaterinburqda öz vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terroru aktı ötən ilin dekabrında AZAL-ın təyyarəsini vuran hərbçilərdən təkzibedilməz sübutların alınmasında rolu olanlardan qisas almaqdır:
"Niyə bu qənaətə gəldim? İnformasiyaların bütün mənbəyi KİV, o cümlədən Rusiya mediasıdır:
- qisas aksiyası FTX rəhbərinin müavininin rəhbərliyi altında qurumun əməkdaşları tərəfindən həyata keçirilib.
- FTX sadə kriminal cinayətlərlə, xüsusən 20 il əvvəl baş vermiş cinayətlərlə məşğul olmur.
- Ftx-nin hərəkətindən dərhal sonra mediada AZAL-ın mülki təyyarəsini vuran Hava Hücumundan Müdafiə qüvvələri komandirinin etiraf mətni çıxdı.
- mülki təyyarəyə raket atma anının videoyazısı da ortaya çıxdı;
- güman etmək olar ki, bu mühüm sübut dost dövlətlərin kəşfiyyat vasitələrinin köməyi ilə əldə edilib ki, onların arasında çox güman ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi və onun müttəfiqləri də ola bilər.
- Əminəm ki, bu, Azərbaycanın malik olduğu bütün məlumatlar deyil və əgər Kremldə vəziyyətin gərginləşməsinin qarşısının alınmasına dair qərar qəbul olunmasa, bəlkə də bizi hələ çox maraqlı detallar gözləyir..."
T.Zülfüqarov daha sonra qeyd edib ki, qaz yerişi yeriyiyən "aytişniklər" şübhəsiz ki, günahsız "botlar" deyil, onlar çox güman ki, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərən və Rusiya sanksiyalarından yayınmağı təmin edənlərdir:
"Bir daha qeyd edirəm ki, bütün təhlil və nəticələr mənim şəxsi fikrimdir və real hadisələrlə hər hansı üst-üstə düşmə bir təsadüfdür".