
Bu ilin I rübündə Dünya Bankının (DB) gübrə qiymətləri indeksi ötən ilin son rübü ilə müqayisədə 12%-dən çox artıb.
Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir. Hesabata əsasən, cari ilin mart ayında qiymətlər 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Qeyd edilib ki, sözügedən artım Hörmüz boğazının bağlanmasının gübrə və xammal ixracına təsiri ilə bağlıdır. Qiymət artımları ən çox karbamid (urea) üzrə müşahidə olunub, digər gübrə növlərində isə artım daha mülayim olub.
İndeksin 2026-cı ildə 30%-dən çox artacağı proqnozlaşdırılır ki, bu da xammal xərclərinin, xüsusilə azot və fosfat əsaslı gübrələr üçün yüksəlməsi və dayanıqlı tələblə dəstəklənir. Bununla belə, bu artım 2021 və 2022-ci illərdə müvafiq olaraq 100%-dən və 55%-dən çox olan kəskin sıçrayışlardan xeyli aşağıdır.
Həmin dövrdə artımlar əsasən Rusiya və Belarusda ixrac pozuntuları, eləcə də Avropada təbii qaz və Asiyada mayeləşdirilmiş təbii qaz (LNG) qiymətlərinin yüksək olması ilə bağlı idi. 2027-ci ildə ixracın bərpası və əlavə qlobal təkliflərin bazara daxil olması ilə qiymətlərin yumşalacağı gözlənilir.
Bununla belə, qiymət perspektivləri üzrə risklər əsasən yuxarı istiqamətlidir. Bu risklərə enerji qiymətlərinin gözləniləndən daha yüksək olması, Hörmüz boğazı vasitəsilə daşımaların uzunmüddətli məhdudiyyətləri ilə bağlı əlavə istehsal və ticarət pozuntuları, eləcə də bütün əlaqəli materialların istehsal və ixrac obyektlərinə dəymiş zərərin qeyri-müəyyən qalması daxildir. Gübrə qiymətlərindəki bu artım kənd təsərrüfatı məhsullarının daha da bahalaşmasına səbəb olacaqmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, gübrə qiymətlərindəki 12 faizdən çox artım gec-tez kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edəcək və bu da rəfdə qiymət artımı riski yaradır:
“Amma bu təsir birbaşa və dərhal olmur, bir neçə ay gecikir və bütün məhsullara eyni səviyyədə düşmür. Gübrə taxıl, tərəvəz, meyvə istehsalında əsas xərc maddələrindən biridir. Buğda, qarğıdalı, kartof kimi məhsullarda gübrənin payı ümumi xərcin 25-40 faizinə çata bilir.
Dünya Bankının indeksi 2022-ci ildən bəri ən yüksək səviyyəyə çıxıbsa, deməli, fermer mart-aprel əkinində gübrəni baha alıb. Bu xərc 3-6 ay sonra, yəni yay və payız yığımında məhsulun maya dəyərinə yazılacaq. Ona görə yayda pomidor-xiyar ucuz olsa da, payızlıq buğda, kartof, soğan, günəbaxan kimi məhsullar yeni mövsümdə baha ola bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycan üçün əlavə risk idxaldan asılılıqdır:
“Bizdə azot gübrəsi istehsal olunur, amma fosfor və kalium gübrələri əsasən xaricdən gətirilir. Dünyada qiymət qalxanda, bizə də baha çatır. Daşıma və valyuta xərci də üstünə gələndə fermer keçən illə müqayisədə gübrəyə 20-25 faiz çox pul verir.
Fermer xərci örtmək üçün ya məhsulu baha satmalı, ya da gübrəni az vurmalıdır. Gübrəni az vuranda məhsuldarlıq düşür, təklif azalır. Təklif azalan kimi qiymət yenə qalxır”.
Artımı yumşaldan amillər də var:
“Birincisi, dövlət subsidiyasıdır. Kənd Təsərrüfatı Nazirliyi hər hektara və hər tona görə gübrə subsidiyası verir. Bu il büdcə imkan versə, subsidiya faizi qaldırıla bilər və fermerin xərcinin bir hissəsini dövlət örtər.
İkincisi, dünya ərzaq qiymətləri indeksi son aylarda enir. Buğda, qarğıdalı, yağlı bitkilər ucuzlaşıb. Əgər xaricdən taxıl ucuz gəlsə, yerli un və çörək qiyməti gübrə artımını hiss etməyə bilər.
Üçüncüsü, bazarda rəqabət və alıcılıq qabiliyyətidir. Əhali baha məhsulu almır, satış düşür. Ona görə istehsalçı və marketlər qiyməti kəskin qaldırmaqdan çəkinir, marjanı azaldır.
Nəticədə gübrə qiymətindəki 12 faizlik artım kənd təsərrüfatı məhsullarının hamısında avtomatik 12 faiz bahalaşma demək deyil. Taxıl, kartof, soğan, yağlı bitkilər kimi gübrədən çox asılı məhsullarda payız-qış aylarında 5-10 faiz qiymət təzyiqi ola bilər.
İstixana tərəvəzləri, meyvə, göyərti isə gübrədən az asılı olduğu üçün ciddi təsir görməyəcək. Dövlət subsidiyanı artırsa və dünya bazarında ərzaq ucuzlaşması davam etsə, bu təsir daha da azalacaq. Yəni bahalaşma riski var, amma birbaşa və kəskin olmayacaq, mövsümi və məhsuldan asılı olacaq”.








