Ermənistanda həbsdə saxlanılan tanınmış iş adamı, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan yeni siyasi komanda yaratdığını bəyan edib. "Yeni Müsavat"xəbər verir ki, bu barədə məlumat onun vəkilləri vasitəsilə yayımlanıb.
Məlumata görə, Karapetyan köklü dəyişikliklərə əsaslanan yeni siyasi qüvvənin formalaşdırılması prosesinə start verib. O, bu təşəbbüslə ölkənin gələcəyi ilə bağlı fərqli baxışlara sahib olduğunu ortaya qoyub.
Həbsdə olan iş adamı öz bəyanatında bildirib ki, indiyə qədər baş nazir Nikol Paşinyanın siyasətinə qarşı real mübarizə aparan şəxslərə dərin hörmət bəsləyir. Lakin Karapetyan öz yolunu seçdiyini və başçılıq edəcəyi yeni komanda ilə mübarizəyə qoşulacağını elan edib. O, həmçinin digər ideoloji yaxın qüvvələrlə əməkdaşlığa açıq olduğunu vurğulayıb.
Karapetyan bəyan edib ki, Ermənistan cəmiyyətində “qara” və “ağ”lar kimi süni şəkildə yaradılan bölünməni qəbul etmir və bu siyasətin hakimiyyət tərəfindən xalqa qarşı aparıldığını iddia edir.
Xatırladaq ki, Ermənistan hakimiyyəti Samvel Karapetyanı ictimai şəkildə hakimiyyətin zorla ələ keçirilməsinə çağırış etməkdə ittiham edir. Hazırda o, istintaq təcridxanasında saxlanılır. Karapetyan başqa ölkənin vətəndaşı olduğu üçün rəsmi olaraq təklif olunan müxalifət siyasi birliyinin lideri ola bilməz.
Politoloq Akop Badalyan hesab edir ki, Karapetyan siyasi baxımdan deyil, resurslar baxımından kifayət qədər güclü fiqurdur. Ekspert xatırladır ki, Ermənistanda ciddi maliyyə imkanları olan birinin siyasi amilə çevrilməsi birinci dəfə deyil. Müəyyən dövrlərdə belə amil yerli iri biznesmen, Çiçəklənən Ermənistan Partiyasının (ÇİP) lideri Qaqik Tsarukyan olub.
Ermənistan müxalifəti əvvəlki parlament seçkilərində hər dəfə uğursuzluqla üzləşib. İkili vətəndaşlığı olan Samvel Karapetyanın özünün də bu vəzifəyə şəxsən namizədliyini irəli sürmək imkanının olmadığını nəzərə alsaq, bəzi yerli analitiklər hələ də iddia edirlər ki, uyğun namizəd tapmaq çətin olmayacaq. Bu, ya geniş ictimaiyyətə o qədər də tanınmayan şəxs ola bilər, ya da çox tanınmış biri, məsələn, respublikanın keçmiş baş naziri Karen Karapetyan...
Sirr deyil ki, Rusiya Cənubi Qafqaz ölkələrinə təzyiq etmək üçün müstəqilliyin ilk illərində və sonralar da onlara nisbətən yaxın olan siyasi qüvvələrdən istifadə etməyə cəhdlər edib. 2013-cü il Azərbaycanda prezident seçkisi ərəfəsində Rusiyada Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı, Azərbaycanda isə “Milyarderlər İttifaqı” adlanan təşkilatın Rusiya vətəndaşlığı olan yazıçı Rüstəm İbrahimbəyovu Azərbaycan prezidentliyinə namizəd göstərməsini xatırlatmaq kifayətdir. ÜATİ 2012-ci ilin sentyabr ayının 28-də Moskvada təsis edildi.
Azərbaycanda keçiriləcək 9 oktyabr seçkisinə 1 il qalmış elan edilən bu təşkilatın Koordinasiya Şurasında hakimiyyət üçün sürpriz isimlər toplandı. Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün “Milyarderlər İttifaqı”nın ardınca ölkənin əsas müxalifətinin birləşdiyi Milli Şura ideyası ortaya atıldı. İndi də təxminən eyni proses bu dəfə Ermənistanda baş verməkdədir. Bəs yeni “İbrahimbəyov ssenarisi” bu dəfə uğurlu ola bilərmi?
Siyasi ekspert Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya Cənubi Qafqazda öz mövqeyini əldən verməmək üçün ən müxtəlif ssenariləri işləməkdədir: “Ona görə də fərqli variantlardan istifadə etməklə bölgə dövlətlərinə təsir etməyə can atır. Bu variantların nə qədər effektiv olduğu ayrı məsələdir. Lakin Paşinyan hakimiyyətini dəyişmək üçün müxtəlif addımlar atmaqda davam edir. Əvvəlcə 17 partiyadan ibarət müxalifət birləşdi, aksiyalar keçirdilər, amma Paşinyan onlara qalib gəldi, mövqeyini möhkəmləndirdi. Sonra ikinci variant işə salındı. Bu dəfə ordu rəhbərliyinə daxil olan 40-a yaxın yüksək rütbəli zabit və Baş Qərargah rəisi Paşinyana ultimatum verdi, ancaq yenə uğursuzluq oldu”.
O.Qasımov qeyd edib ki, Paşinyan onları ordu rəhbərliyindən uzaqlaşdırmaqla təhlükəni dəf etdi: “İndi isə kilsə siyasi proseslərə qarışıb və son bir neçə ay Paşinyanla katolikos arasında qarşıdurma var. Belə görünür ki, Paşinyan bu məsələdə də istəyinə çatacaq və kilsəni sıxışdırıb siyasi proseslərdən kənarlaşdıra biləcək. Rusiya bu variantlar əlindən çıxdığı üçün vaxtilə Azərbaycanda sınaqdan keçirdiyi, di gəl, uğur qazana bilmədiyi ssenarini Ermənistanda təkrarlamaq istəyir. Belə ki, 2022-ci ildə Moskvadan Qarabağa təlimatla göndərilən Vardanyanın İrəvanda hakimiyyət dəyişikliyi etməsi nəzərdə tutulurdu. Amma Vardanyan Bakıda mühakimə olunur. Ardınca daha bir Rusiya vətəndaşı olan milyarder erməni Karapetyan siyasi iddialar ortaya qoyub. Bunun nəticəsində də həbs edildi. Təbii ki, belə cəhdlər olacaq. Amma nəticə verəcəyi suallar doğurur. Zənnimcə, müsbət effekti olacağı inandırıcı görünmür. Baxmayaraq ki, Karapetyan ilk bəyanatını verdi, amma bu prosesdə Qərb-Rusiya rəqabətini də nəzərə almaq lazımdır”.
Onun sözlərinə görə, xüsusən də bu ərəfədə Paşinyan Brüsselə getdi və ciddi mesajlar səsləndi, yəni Avropa onu qoruyub iqtidarda saxlamağa çalışacaq: “Paşinyan hələ ki ciddi alternativi olmayan siyasi gücdür. Rusiya hədəflərinə çatmasa, onunla müəyyən razılaşmalara gedəcək. Rusiya görür ki, özünün destruktiv siyasəti ucbatından Cənubi Qafqaz ölkələri ondan uzaqlaşmaq xəttini tutublar və Əbu-Dabi görüşü də onun təzahürlərindən biri idi”.
Yada salaq ki, Azərbaycan 2021-ci ildə Dağlıq Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında Samvel Karapetyan da olub.
Karapetyan 18 avqust 1965-ci ildə Ermənistan SSR-in Kalinino (Taşir) rayonunda anadan olub. 1992-ci ildə Rusiyaya köçüb. 1997-ci ildə Kaluqa şəhərində istehsal, inşaat, enerji, tədarük və satış şirkətlərini özündə birləşdirən “Taşir” şirkətlər qrupunu yaradıb. Samvel Karapetyan hazırda tərkibində ticarət mərkəzləri, hotellər, yaşayış binaları, kinoteatrlar, pərakəndə satış şəbəkələri və restoranların da olduğu ümumilikdə Rusiya iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox şirkətə rəhbərlik edir.
S.Karapetyan Rusiyada yaşayan ən varlı erməni hesab olunur. Sərvəti Ermənistanın dövlət büdcəsi qədərdir. Məşhur “Forbes” nəşrinin açıqladığı hesabata görə Samvel Karapetyan 4,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları sıralamasında 568-ci, Rusiyanın ən varlı adamlarının siyahısında isə 29-cu sırada yer alıb. Rusiyadan başqa Karapetyanın Ermənistan və Gürcüstanda da böyük biznes layihələri var. Hazırda enerji bazarında böyük paya sahib olan “Kaskad Gürcüstan” şirkətinin səhimlərinin 95%-i Rusiyanın “Kaskad Enerqo Bit” şirkətinə məxsusdur. “Kaskad Enerqo Bit” şirkəti isə Karapetyanın sahibi olduğu “Taşir” şirkətinə bağlıdır.