“Şənbə günü “Vətəndaş sazişi” partiyasının Gorusda keçirilmiş siyasi toplantısında hakim elitanın müzakirə etdiyi mövzulardan biri də Sünik bölgəsindən mümkün Azərbaycan-Naxçıvan avtomobil yolunun verilməsi məsələsi olub. İctimai müstəvidə “dəhliz” kimi tanınan mövzu mətbuata bağlı qapılar arxasında müzakirə olunub”.
Moderator.az xəbər verir ki, “Johovurd” qəzeti belə yazıb.
Erməni nəşrinin məlumatına görə, siyasi toplantı zamanı Nikol Paşinyanın əhval-ruhiyyəsi nəzərəçarpacaq dərəcədə gərgin olub:
“ “VS” üzvləri qeyd ediblər ki, baş nazir Türkiyə, Əbu-Dabi və Avropa ölkələrinə son səfərləri zamanı gözlədiyi nəticə və təminatları ala bilməyib. Partiyada belə bir fikir yayılıb ki, indiki mərhələdə beynəlxalq aktorlar Paşinyanın yol problemini onun üstünlük verdiyi formatda həll etmək istəyini tam dəstəkləmək fikrində deyillər
“Mənbələrimizin verdiyi məlumata görə, qapalı keçirilən müzakirə zamanı baş nazir Paşinyan birmənalı açıqlama verərək partiyadaşlarını əmin edib ki, əgər Ermənistanın yurisdiksiyasından kənardadırsa, heç bir halda avtomobil yolu, dəhliz, ərazi verilməyəcək. O vurğulayıb ki, "Amerika tərəfinin nəzarəti altında olsa belə, biz magistral yol verməyəcəyik", -deyə “Johovurd” davamında bildirib.
Lakin erməni qəzeti hesab edir ki, bu bəyanatla hökumətin əvvəlki açıqlamaları arasında maraqlı ziddiyyət var:
“Yada salaq ki, xarici işlər naziri Ararat Mirzoyan ötən il bildirmişdi ki, rabitə və yolların təhlükəsizliyini özəl şirkət vasitəsilə təmin etmək olar. Bu gün Paşinyan öz mövqeyini kəskin və müstəsna şəkildə formalaşdırır. Belə bir mövqenin Azərbaycana zorla tələb etmək və ya o yolu tutmaq üçün legitim əsas verə biləcəyinə gəlincə, “VS”-in bu suala dəqiq cavabı yoxdur. Hakimiyyət daxilində belə bir qorxu var ki, dəqiq strategiya olmasa, vəziyyət nəzarətdən çıxa bilər və Azərbaycanla Ermənistan arasında heç vaxt sülh sazişi imzalana bilməz..."