Əbu-Dabidə keçirilən görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəldiyi iddia olunur. Erməni mənbələrinin yaydığı məlumata görə, görüşdən sonra kommunikasiyaların açılması istiqamətində müsbət mesajlar səsləndirən İrəvan Zəngəzur dəhlizini Bakı və Ankaraya təhvil verməyə hazırlaşır. Bəzi ekspertlər burada təkcə Rusiyanın yox, İranın da kənarda qalacağını və hər iki ölkənin təxribata əl ata biləcəyi istisna etmir.
Bu, real ola bilərmi? Zəngəzur dəhlizinin aqibəti həll olunurmu?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Əbu-Dabi görüşünə qədər Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaq mövqe formalaşıb:
“Lakin məsələ həmin görüşdə daha da dəqiqləşib və üzərində işlər davam edir. Bu, mühüm bir təşəbbüs və hadisədir. Bakı və İrəvan arasında nəqliyyatla bağlı razılaşma nəticəsində Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında yol açılacaq. Bu, Avrasiyanın mərkəzində gələcəkdə böyük layihələrin başlanğıcını qoyacaq. İlkin mərhələdə yalnız yük marşrutu açılacaq. Sonrakı dövrlərdə isə insanların da sərbəst hərəkəti mümkün ola bilər. Əgər böyük dövlətlər müdaxilələr etməsə, coğrafi cəhətdən kiçik ölkələr sülh sazişi, nəqliyyat əlaqələri və digər layihələr üzrə ortaq razılaşmalara gələ bilərlər”.
Politoloq qeyd edib ki, postmünaqişə dövründə sülhün bərqərar olmasına mane olan güclər mövcuddur:
“Bu vəziyyət Yaxın Şərq və Afrikada, həmçinin Hindistan ilə Pakistan arasındakı proseslərdə də müşahidə olunur. Coğrafi cəhətdən kiçik ölkələrin ortaq məxrəcə gəlməsi asan məsələ deyil. Ermənistanın suverenliyi və müstəqilliyi tam təmin edilməyib, müxtəlif xarici ölkələrin siyasi, iqtisadi və fiziki təzyiqləri ilə üzləşə bilər. Gələcəkdə bu məsələlərin necə inkişaf edəcəyinin şahidi olacağıq. Artıq bəzi razılaşmalar əldə edilib. Regional ölkələr bu prosesdən kənarda qalmayacaq. Rusiya və İran Zəngəzur dəhlizinin açılmasından fayda əldə edə bilərlər. Amma Moskva və Tehranda bəzi ekspertlər, müəyyən qruplar bu yolun açılmasının onların maraqlarına zidd olduğunu düşünürlər. İranda artıq siyasi hakimiyyətlə digər qruplar arasında bu mövzu haqda fikir ayrılıqları yaranıb. Amma kimsə bu proseslərdən kənarda qalmaq istəmirsə, vaxtında qoşulmalı və mane olmamalıdır”.