Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Namaz Tağıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 2 il 2 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 16 iyun 2024-cü il tarixdə, saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, “Uber” şirkətində taksi kimi fəaliyyət göstərən Namaz Tağıyev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə müştəri qismində zərərçəkmiş Uğur Nizamovu (adı, soyadı şərtidir) və onun dostunu götürüb. Zərərçəkmiş şəxs isə sürücüyə avtomobili yolun kənarında saxlayaraq siqaret alması üçün şərait yaratmasını istəyib. Lakin Namaz onun istəyini rədd edib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra Namaz mübahisəni həll etmək üçün avtomobili kənara çəkib. Onlar maşından düşərkən Uğur təqsirləndirilən şəxsi nalayiq ifadələr ilə təhqir edib. Nəticədə o, zərərçəkmiş şəxsi yumruqla qəsdən vuraraq onun burnu sınıb.
Hadisədən sonra Namaz Tağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.