“40-ilə yaxın Yaşarla birlikdə yaşamışam. Bizim ailədə xəyanət mövzusu heç vaxt nə gündəmə gəlib, nə də problem olub. Heç vaxt! Mən heç vaxt Yaşarın üzünə hansısa səhvini vurmamışam, evdə söz-söhbət salmamışam. Bu mənə aid olub. Bizim evdə ancaq Yaşarın sağlamlığı haqda söhbətlər və müzakirlər gedib. Ona ürək-dirək vermişəm, demişəm ki, hirslənmə, yaxşı ol. Onun üstündə əsirdim. Yayda istidən, qışda soyuqdan qorumuşam"
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Yaşar Nurininin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. O daha sonra əlavə edib:
"Xəyanət mövzusunu indi müasirləşdirib, uzadırlar. O dövrdə xəyanət mövzu deyildi. Sadəcə yüngül söhbət idi. Yaşar kimlə, harada, necə gəzirdisə bu mənə maraqlı olmayıb. Gözümlə görməmişəmsə, niyə kimlərinsə dedi-qodularına inanmalı idim? Qadın gərək evdə söhbətləri elə həll etsin ki, nə şiş yansın, nə də kabab. O aktyor adam idi. Böyük ürəyi var idi. Mən hər dəfə çalışırdım ki, onun qulluğunda dayanım, qoruyum. Yaşar ailəmin başçısı, uşaqlarımın atası və böyük sənətkar idi. Sənətkarın başını belə söz-söhbət, dığ-dığlarla qatmaq olmaz” deyə o bildirib.
Rəhimə xanım bildirib ki, yoldaşını heç bir qadın həmkarına qısqanmayıb:
“Bəziləri soruşur ki, Yaşarı qadın həmkarlarına qısqanmırdın? Xeyr, qısqanmırdım. Mən onlara sənət əsəri kimi baxırdım. İstər verilişlər olsun, istər tamaşalar, istərsə də filmlər. Hətta daha inandırıcı oynayanda sevinirdim. Firəngiz xanımla olan söz-söhbəti də bilmirəm kim yaradıb. Yəqin tamaşaçı onları bir yerdə görmək istəyib. Gör indi obrazları necə inandırıcı yaradıblarsa, tamaşaçı bunu arzulayıb" deyə o bildirib.
Rəhimə xanım bildirib ki, əvəzolunmaz aktyorların davamçıları yetişmir:
“Azərbaycanın teatr və kino sənətində təkrarolunmaz aktyorlar var. Mən adlarını çəkmirəm, çünki bunu hamı bilir. Yaşar da bu silsilədə olan aktyorlardan biridir. Onu təqlid edə, parodiya edə bilərlər. Amma onun kimi ola bilməzlər. Gənclərin bəzilərində onun ştrixlərini, hərəkətlərini görürəm. Hələ ki, sırf onun kimi aktyor görə bilmirəm. Hamı bu dəqiqə şou-biznesə qarışıb, sənət geriləyib. Düzdür, potensiallı aktyor-aktrisalarımız var, amma hələ ki, o zirvəyə gəlib çatmayıblar. Səbəb nədirsə bunu deyə bilmərəm. Gələcək göstərəcək. Hər günün, ayın, ilin öz hökmü var. O vaxtın televiziya tamaşalarından ibrət, dərs götürmək olurdu. O rejissorlar məhəbbətin, sevginin, dostluğun nə olduğunu göstərir və öyrədirdi. İnsan düşünməyə, özünə dərs götürməyə məcbur olurdu. Amma indi belə əsərlər yoxdur. Bəzən kanalları çevirəndə onda hiss edirəm ki, hər şey nə qədər bəsitləşib” deyə sənətkarın xanımı bildirib.