“Bəzi regionlarda yağıntılar və nisbətən aşağı temperatur səyyahların planlarını dəyişmək məcburiyyətində qoyub”.
Bunu turizm məsələləri üzrə ekspert Samir Dübəndi Yenicag.az-a açıqlamasında deyib.
Ekspert söyləyib ki, yay fəslinin başlamasına baxmayaraq turizm sahəsində durğunluq hökm sürməkdədir:
“Bunun da əsas səbəbi hava şəraitinin soyuq keçməsidir. Yay fəsli çoxdan girsə də, havalar dəyişkən və sərin keçir. Xüsusilə də Xəzər sahili bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti çimərlik turizminin başlanğıcını bir qədər ləngidib. Bəzi regionlarda isə yağıntılar və nisbətən aşağı temperatur səyyahların planlarını dəyişmək məcburiyyətində qoyub. Bununla yanaşı, beynəlxalq arenada yaşanan geosiyasi gərginliklər, bəzi ölkələrlə sərhədlərin bağlı qalması və qlobal qeyri-müəyyənliklər də turizmə müəyyən mənfi təsir göstərməkdədir”.
“Bununla belə, Azərbaycan hökuməti turizm sahəsinin inkişafı üçün ardıcıl və məqsədyönlü addımlar atmaqdadır. Yerli infrastrukturun gücləndirilməsi, yeni turizm marşrutlarının yaradılması, ekoturizmin təşviqi və regionların turizm potensialının artırılması istiqamətində aparılan işlər alqışlanmalıdır. Havanın dəyişkənliyi müvəqqəti xarakter daşıyır, ümid edirik ki, yaxın günlərdə sabit, günəşli və mülayim hava şəraiti bərpa olunacaq”, – deyə o, qeyd edib.