“Son zamanlarda Azərbaycan və Türkiyənin Ermənistanla təmaslarını sıxlaşdırması danışıqlar prosesinə müsbət təkan verə bilər”.
Bu sözləri siyasi ekspert Ülviyyə Zülfiqar “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana və Zəngəzur dəhlizi açıla bilər:
“Ümumiyyətlə, sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı istənilən müsbət tendensiya region üçün böyük əhəmiyyət kəsb edir.
Son zamanlarda tərəflər arasında təmasların artması nəticəsində siyasi, iqtisadi və kommunikasiya əlaqələrinin bərpa olunması ilə bağlı danışıqlar aparılır”.
Ekspert qeyd edib ki, bu istiqamətində olan istənilən danışıqlar regionun inkişafına və yüksəlişinə yönələ bilər:
“Hesab edirəm ki, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması ən qısa zamanda həyata keçməlidir. Bu hadisələr nə qədər tez baş versə, birinci Ermənistanın özü üçün müsbət nəticə verə bilər.
Çünki Ermənistan işğalçılıq siyasəti ucbatından illərlə blokadada qalmış bir dövlətdir. Sülh müqaviləsinin imzalanması ilk növbədə onun özünün blokadadan çıxması və qonşuları ilə münasibətlərini bərpa etməsinə səbəb olar”.
Ülviyyə Zülfiqar vurğulayıb ki, rəsmi Bakı bu istiqamətlərdə əlindən gələni edir:
“Azərbaycan hər zaman sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması üçün müsbət dinamikanın tərəfdarı olub. Rəsmi Bakı bu istiqamətlərdə çox sayda müsbət addım atıb. Düşünürəm ki, Ermənistan tərəfi də nə qədər tez bu məsələlərin həllinə yönəlik atsa, onlar üçün bir o qədər yaxşı olar”.