Xəbər verildiyi kimi, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək qərarı haqda məxfi məlumatlar əldə edib, hətta Rusiya Müdafiə Nazirliyi Cənub Dairəsi komandanının regionda yerləşən hərbi hissə komandirlərinə Gümrüdəki bazaya göndərmək üçün canlı qüvvə ayırmaqla bağlı əmrinin surətini də mediaya ötürüb. Lakin bundan öncə Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edərək prezident R.T.Ərdoğanla görüşündən sonra guya ölkəsindəki Rusiya hərbi bazasının çıxarılması üçün tədbirlər görməyə başladığı barədə də informasiyalar yayılmışdı. Bəs görəsən, bu gediş hələ də gündəmdə qalırmı? Rusiya üçün Ermənistandakı bazadan məhrum olmaq nə deməkdir?...
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə aşağıdakıları söyləyib:
“Bu məsələ doğrudan da Ermənistanın ictimai-siyasi həyatında çox müzakirə olunur. Ermənilər Rusiyadan çox şey umurdular. Hərçənd bunun üçün nə hüquqi, nə əməli əsasları yox idi. Bununla belə, yenə də özlərini aladadaraq Moskvadan Qarabağın əllərində qalması və s. üçün kömək gözləyirdilər. Amma Rusiya onlara heç bir kömək etmədi. Və deyir, uman yerdən küsərlər. Ermənilər də Rusiyadan küsdü və düşünməyə başladılar ki, biz Kremlə qarşı nə edə bilərik. Sonda belə nəticəyə gəldilər ki, biz də Rusiyanı Ermənistandakı bazasından məhrum edə bilərik. Paşinyan hakimiyyəti belə bir cəhd edə bilər. Lakin məsələ ondadır ki, hazırda Gümrüdəki bazanın Moskva üçün o qədər də əhəmiyyəti yoxdur. O baza Rusiya dövlətindən ötrü keçmişdə daha dəyərli idi. Hələ 1990-cı illərin ortalarında Rusiyanın o vaxtkı baş baziri Viktor Çernomırdin o dövrdə Azərbaycan prezidenti olan Heydər Əliyevlə görüşdə demişdi ki, Rusiyanın Ermənistandakı 102-ci bazası Azərbaycana yox, Türkiyəyə qarşıdır. Doğrudan sovet dövründən 90-cı illərədək Rusiyanın NATO üzvü olan Türkiyənin Cənubi Qafqaza təsirinə qarşı mübarizə aparanda, eyni zamanda Qarabağ münaqişəsi vasitəsi ilə Azərbaycanla Ermənistanı itaətdə saxlayanda o hərbi baza Kreml üçün əhəmiyyətli idi. Ancaq hazırda Rusiyanın Cənubi Qafqazı nəzarətdə saxlamaqdan ötrü əvvəlki imkanları yoxdur və Qarabağ məsələsi də həllini tapıb. Odur ki, Ermənistandakı hərbi baza əməli və siyasi əhəmiyyəti itib. Bu mənada 102-ci bazanı çıxarsalar da, çıxarmasalar da, Rusiyanın vecinə deyil...
Bu gün o bazada 4-5 min əksəriyyəti erməni mənşəli olan Rusiya vətəndaşı xidmət edir. Onlar öz vətənləri Ermənistanda xidmət edir, amma rəsmən Rusiya ordusunun hərbçiləri, zabitləri sayılırlar. Yaxşı da əmək haqqı alırlar. Çünki xaricdə xidmət etmiş kimi tanınırlar. Eyni zamanda şimal soyuqları olan Rusiyanın iqlimi ilə Ermənistanın iqlimi eyni deyil, Ermənistan nisbətən daha səfalı yerdir, kurort zonasıdır, ləzzətli dadlı meyvə-tərəvəzi, dadlı əti, südü, xörəkləri var. Özü də mövcud şəraitdə Ermənistan üçün heç bir müharibə təhlükəsi də yoxdur. Bəzi mənbələr yazır ki, ay guya Ermənistan Azərbaycana, yaxud əksinə, Azərbaycan Ermənistana hücum edəcək- hamısı boş söhbətlərdir. Bu mənada Ermənistanda bazanın ləğvi heç o ermənilərə də sərfəli deyil...”