“Kinoda mənim iki yaralı yerim var. Biri Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal bazası kimi bərpa olunmamasıdır. Düzdür, bu sahədə işlər görülür, amma maddi-texniki baza dəyişilməlidir. Orada nə qədər povilyonlar, redaksiyalar, kinoaktyor, dublyaj, mozalan ştatları var idi. Onlar hamısı bərpa olunmalıdır. Çünki o bizim tarixi abidəmizdir. Bu mənim yaralı yerimdir. Necə ki, Moskvada “Mosfilm” var, bizdə də “Azərbaycanfilm” olmalıdır. Bu tarixdir. Tarixə dəymək olmaz. Digər yaralı yerim isə filmlərin çəkilməməsidir”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, aktrisa Xalidə Quliyeva deyib.
O daha sonra əlavə edib:
“Rasim Balayevin dünyasını dəyişməsi mənə qəfil xəbər kimi gəldi. Hərçənd bilirdik ki, o xəstədir. Dünyasını dəyişəndən sonra onun fotosunu paylaşdım. Bir çoxu yazdı ki, “inanmırıq”, “nə oldu birdən-birə buna”. Mən də onun ölümünə inanmıram və heç vaxt inanmayacam da. Məni bu gün yandıran odur ki, Rasim Balayev üçün bir film çəkilmədi. Halbuki o xarizmasını, görkəmini qoruyub saxlamışdı. Bir adam da tapılmadı ki, pul verib film çəkdirsin. Rasim Balayev kino deyə-deyə getdi. Rasim Balayevə olan münasibət əslində kinoya olan münasibətdir. Bunu mütləq dəyişmək lazımdır. Bizim yaşlı aktrisalarımız Səfurə İbrahimova, Zərnigar Ağakişiyeva var idi. Onlara bir senari yazılıb çəkilmədi. Bu dəqiqə Zemfira Sadıqova var. Niyə fransızlar çəkir? “Lyubov” filmi iki yaşlı adam haqqında çəkilib. Robert de Niro, Al Paçinonun sifətləri qırış içindədir, amma çəkilirlər. Bu mənim yaralı yerimdir”.
Xalidə Quliyeva bildirib ki, sonuncu dəfə ötən il kamera qarşısına keçib:
“Xalq artisti Ramiz Həsənoğlu məni ötən il “Yepyeni il” filminə çəkdi. Film üçün acımışdım, bir az doydum. İndiki seriallarda mənə uyğun bir rol olsa çağırarlar. Çağırmırlarsa demək ki, əziyyət vermək istəmirlər. Mən onlardan çox razıyam. Əziyyət verməsinlər, ciddi bir şey olsa çağırsınlar. İctimai televiziyanın 10-12 seriyalı filmləri var. Onlara böyük məmnuniyyətlə gedərəm. İstedadlı uşaqlarımız var. Sadəcə kinonun yiyəsi gəlməlidir”, - deyə xalq artisti bildirib.










