"Sabah" Azərbaycan çempionu oldu.
Bu yalnız "Sabah"ınmı uğurudur? Bu bizim illərdir öz müfazinətini tənzimləyə bilməyən Azərbaycan futbol qatarının tərpənməsidir. Qatara minən də olacaq, düşən də. Amma qatar gedəcək. İndi "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa, gələn il hirsli "Turan", sanballı "Neftçi", ağıllı "Zirə" dişlərini qıcayıb mübarizəyə qoşulacaq. Artıq zəif də olsa ölkənin ən böyük şəhəri Gəncənin "Kəpəz"i qədim paytaxtın adına layiq olmağa çalışacaq, "Araz" bir muxtar respublikanın idman şərəfini qorumalıdır. 21-əsrin uğurlu "Qəbələ"si nüfuzunu qaytarmaq istəyəcək. İstədiyimiz bu deyildimi? Lağ obyekti olan 8 komandalı Bakı çempionatımız yadımızdan çıxıbmı? Bu klubların həqiqət tələblərinə mərkəzi idaretmə daha barmaqarası baxa bilməyəcək. Xaricdən uzanan dirijor çubuğuna oynayanlar bitməsə də mütləq azalacaq. Hətta mən gələn il yeni bir komandanın çempionun olmasını arzulayıram. Gör ondan sonra nə mübarizələrin şahidi olacağıq. Mübarizə varsa rəqabət də var. Rəqabət varsa inkişaf da var.
Son vaxtlar "Qarabağ"ın adı müxtəlif mənalarda çox hallanır. Amma gəlin razılaşaq ki, "Qarabağ" ən ağrılı günlərimizin dərmanı olub. "Qarabağ" bir xalq sevgisidir, tarixdir, oyanışdır. Azərbaycan futbolunun bir gülüdür "Qarabağ". Amma bir güllə bahar olurmu? Bir gülüstan olmasını istəmirikmi? Bu gün futbolumuzun problemlərindən danışsaq min bir gecə bəs eləməz. Amma qatar tərpəndi!
Təbrik "Sabah"!
Müəllif: Rasim İsmayılov - "DİA-AZ"









