"Naxçıvan Televiziyası uzun illər ərzində bölgənin informasiya və mədəni həyatında mühüm rol oynamış media qurumlarından biri olub. Lakin son dövrlərdə burada baş verənlər bu ənənənin ciddi sınaq qarşısında qaldığını göstərir..." "DİA-AZ" xəbər verir ki bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.O daha sonra fikrini belə davam etdirir: "Kollektiv daxilində narazılıqların əsas səbəblərindən biri idarəçilik üslubu ilə bağlıdır.
Bildirilir ki, sədr əvəzi kimi fəaliyyət göstərən İlhamə Novruzova dövründə əməkdaşlara qarşı sərt və təhqiredici münasibət halları artıb.
Bu isə yaradıcı mühitə mənfi təsir göstərir və peşəkarların motivasiyasını zəiflədir.
Son iclaslardan birində səsləndirilən fikirlər isə vəziyyətin nə qədər gərgin olduğunu göstərir.
Əməkdaşların bildirdiyinə görə, rəhbərlik tərəfindən “beş nəfər birdən ərizə yazıb gedir, kim istəyirsə qapı açıqdır, gedə bilər” kimi ifadələr işlədilib.
Bu cür yanaşma təkcə idarəçilik problemi deyil, həm də insan resurslarına münasibətin göstəricisi kimi qiymətləndirilir.
Halbuki hər bir əməkdaşın arxasında illərin təcrübəsi və zəhməti dayanır və bu zəhmətin bu şəkildə dəyərləndirilməsi ciddi narazılıq yaradır.
Əməkhaqqı məsələsində də qeyri-şəffaflıq iddiaları diqqət çəkir. Əməkdaşların sözlərinə görə, “reytinq əlavəsi” adı ilə maaşlara fərqli yanaşma tətbiq olunur:
bəziləri 650 manat civarında gəlir əldə etdiyi halda, digərləri 350 manatla kifayətlənir, bəzi əməkdaşlar isə ümumiyyətlə əlavə ödəniş almır.
Bu fərqin hansı meyarlarla müəyyənləşdirildiyi isə açıqlanmır.
Xüsusi narahatlıq doğuran məqamlardan biri də Bakı bürosunun vəziyyətidir.
Paytaxtda yerləşən bu struktur əslində kanalın informasiya imkanlarını genişləndirməli olduğu halda, əməkdaşların bildirdiyinə görə, orada da eyni idarəçilik problemləri müşahidə olunur.
Büro gücləndirilmək əvəzinə zəifləyir, əməkdaşların motivasiyası aşağı düşür və bu da ümumi fəaliyyətə mənfi təsir edir.
Nəzarət məsələsi də açıq qalır. Naxçıvan Ali Məclisi tərəfindən həyata keçirilməli olan nəzarətin real nəticələri görünmür. Qısa və formal xarakterli yoxlamaların problemi həll etmədiyi artıq açıq şəkildə hiss olunur.
Digər tərəfdən, proqram siyasəti ilə bağlı da suallar artır. Yeni layihə adı ilə təqdim olunan Ləzzət ovçusunun adi telefonla çəkdiyi, efir etikasına yaraşmayan fikirləri İlhamə Novruzova efirə buraxılmasına göstəriş verir.
Bu veriliş peşəkar televiziya standartlarına cavab vermir. Bu həmdə tamaşaçı etimadına birbaşa təsir göstərir.
Ən vacib məqamlardan biri isə rəhbərlik məsələsidir. Televiziyanın daxilində uzun illər təcrübəsi olan, idarəçilik bacarığına malik kadrlar mövcud olduğu halda, hələ də kənardan sədr axtarılması kollektivdə haqlı narazılıq yaradır.
Bu isə daxili potensialın yetərincə qiymətləndirilmədiyini göstərir.
Nəticədə, bu proseslər kadr axınına səbəb olur. Təcrübəli əməkdaşlar bir-bir qurumu tərk edir. Onsuz da iş imkanlarının məhdud olduğu bir mühitdə bu, həm sosial, həm də peşəkar baxımdan ciddi itkidir.
Yazını paylaşan kimi təcili iclas çağırıb yazıq bölmə rəhbərlərinin başına oyun açacaq. Amma bir həqiqəti unudur ki, güzgünü qırmaq lazım deyil..."









