Jurnalist Sücəddin Şərifovun “Boradigah tarixi qaynaqlarda” kitabı (“Ave Print” nəşriyyatı, 2025) haqqında qeydlər
Biz bölgələrə səfərə çıxanda, adətən, yol kənarında rastlaşdığımız yer adlarını bildirən lövhələrə laqeydcəsinə baxıb keçirik. Yol yorğunluğunun diqqət azdırması adi şeydir, amma bəzən də əksi olur, gözümüzə elə adlar, elə maraqlı toponimlər dəyir ki, içimizdə qığılcım yaradır, dərhal o sözün cazibəsinə düşür, onu saf-çürük etməyə, özlüyümüzdə həmin sehrli sözün mənşəyi və mənası haqqında cürbəcür versiyalar düzəltməyə başlayırıq. Mənim üçün belə sirli yer adlarından biri də “Boradigah” adı idi. “Idi” ona görə deyirəm ki, istedadlı qələm dostumuz Sücəddin Şərifovun “Boradigah: tarixi qaynaqlarda” kitabı artıq həmin adın üzərindən bütün müəmma və sirlər pərdəsini götürüb. Təbii ki, kitab təkcə bu toponimin etimologiyasını aydınlaşdırdığına görə deyil, ümumən bu yaşayış məskəni haqqında hərtərəfli və dolğun bilgi verdiyinə, ilk növbədə isə tarixi-coğrafi və etnoqrafik məlumatlara görə çox dəyərlidir.
Mən kitabın faktik tarixi materiallar baxımından zənginliyini, bu mənada onun elmi dəyər daşıdığını və tədqiqatçılar üçün ciddi, güvənli bir mənbə rolu oynadığını bəribaşdan qeyd etmək istəyirəm. Çünki müasir tarixşünaslıqda regional araşdırmalar xüsusi yer tutur. Ona görə də dünənə qədər Azərbaycanın ayrı-ayrı bölgələrində yaradılmış tarix-diyarşünaslıq muzeylərinə bu gün ciddi elmi məzmun verilməli, hər bir kənd və qəsəbəsinin tarixi bütöv milli yaddaşın mühüm hissəsi kimi tədqiqatlara hopmalıdır. Bu mənada haqqında söhbət gedən kitabın müəllifi, tanınmış jurnalist S. Şərifov diqqətəlayiq dəyərli bir tədqiqat əsəri ortaya qoyub. 600 səhifəlik kitab Boradigahın çoxəsrlik tarixini müxtəlif mənbələr – arxiv materialları, yazılı sənədlər və şifahi xatirələr əsasında təqdim edib. Kitab səviyyəli oxucuya belə bir qənaətə gəlməyə əsas verir ki, “heç bir bölgənin tarixini yalnız yerli sakinlərin yaddaşına buraxmaqla kifayətlənmək olmaz, bu tarix elmi şəkildə yazılmalı və gələcək nəsillərə ötürülməlidir”. Bu yanaşma kitabın elmi-metodoloji əsasını formalaşdırır və oxucuya müəllifin qarşıya qoyduğu məqsədin ciddiliyini göstərir.
Məkanın müfəssəl hekayəti
Müəllif ilk növbədə qədim yaşayış məskənlərimizdən olan Cənub bölgəsi və bu bölgənin fərqli ərazi vahidi olan Boradigahın coğrafi mövqeyi, adının mənşəyi haqqında ətraflı məlumat verir. “Boradigah” kimi mürəkkəb toponimin izahına diqqət yetirən müəllif fars-türk mənşəli adın “birədiqo”, “bir diqo”, “dig”, “bor digah”, “barigah”, “baradigahi” şəkillərinə istinad edərək bu sözlərin “böyürtkənli yüksəklikdəki əkin yeri” və “dəniz kənarı” mənalarını qabardıb. Əslində bu etimoloji izah bölgənin təbiətini və həyat tərzini anlamaq üçün maraqlı açar rolunu oynayır. Bu məcazi açar coğrafi baxımdan Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 12 km cənubda yerləşən Boradigahın müfəssəl tarixçəsini çox dürüst faktlarla oxucuya çatdırmağa kömək edir.
Tarixi mənbələr göstərir ki, Boradigahın tarixi orta əsrlərə – Səfəvilər dövrünə gedib-çıxır. Qızılbaşlar dövləti və Talış xanlığı dövründə bölgənin qədim yaşayış məntəqələrindən sayılan Uluf mahalının mərkəzi olub. Xanlıqdan sonrakı Çar hökuməti dövründə Boradigah Lənkəran qəzasının Ərkivan polis nahiyəsinə daxil edilib. Bu yaşayış məntəqəsinin adı rəsmi sənədlərdə də çəkilir. Məsələn, Rusiya Coğrafiya İmperator Cəmiyyətinin Qafqaz Şöbəsi Xəbərlərinin 5-ci nəşrində (1877–1878) Qafqazda əhalisi iki mindən çox olan yaşayış məntəqələrinin siyahısında da çəkilir. Nəşr 1873–1876-cı illərin statistikasına əsasən yazır ki, həmin illərdə, Bakı şəhərində 14 577 nəfər yaşadığı dövrdə Boradigahda əhalinin sayı 2110 nəfər olub. Bildirilir ki, Boradigah əhalisinin sayına görə qəzanın mərkəzi olan Lənkəran şəhərindən sonra ikinci yaşayış məntəqəsidir.
XIX əsrin sonlarınadək Boradigahın sərhəd hüdudları indiki Tüklə, Qəzvinoba, Şatoba, Mollaoba və Babaser kəndlərinin ərazisini əhatə edib. Bu kəndlərin ərazisi hər birində bir neçə ailə məskunlaşmaqla Boradigahın obaları olub. Bu obalarda məskunlaşma artdıqca, Boradigahdan ayrılıb ayrıca kəndlərə çevriliblər. Dövlət arxivində mühafizə edilən sənədlərə istinad edən müəllif göstərir ki, XIX əsrdə Boradigahda əhali 3 dəfə siyahıya alınıb. 1849 və 1873-cü illərdəki siyahıya almada adı çəkilən 5 kəndin ərazisində yaşayanlar Boradigah sakinləri kimi göstərilib. 1886-cı ildə isə bu kəndlər Boradigahın tərkibində indiki adlarıyla, lakin kənddən ayrılan kimi qeyd ediliblər.
1917-ci ildə nəşr edilən “Qafqaz təqvimi” (Кавказский календарь) Boradigah Kənd cəmiyyətinə daxil olan yaşayış məntəqələrinin siyahısını verib. Həmin siyahıya görə Boradigah Kənd cəmiyyətinə 10 kənd daxil idi. Həmin ildə Boradigah ayrıca dairəyə çevrilib. 1918-ci ildə yaranan Milli Hökumət bölgədə öz hakimiyyətini yalnız 1,6 aydan sonra bərpa edə bilib. Cümhuriyyət idarəçiliyi bölgədə cəmi 7 ay hakim olub.
1920-ci ildə indiki Masallı rayonunun ərazisi və Lənkəranın bir çox kəndləri Boradigah dairəsinə tabe edilib. Bolşeviklər həmişə Boradigahı diqqət mərkəzində saxlamağa çalışıblar. Sovet hakimiyyətinin ilk illəri bu bölgədə ciddi qarşıdurmalarla müşayiət edilib. 1921-ci ildə Boradigah Kənd cəmiyyətinə 16 kənd daxil olub. 1925-ci ilin fevral ayında Boradigah kəndində Boradigah dairəsinin qurultayı keçirilib. Cümhuriyyət dövründə “Azərbaycan” qəzeti, sovet dönəmində, xüsusən kollektivləşmə illərində isə “Kommunist” və “Bakinski raboçiy” qəzetləri Boradigahda gedən proseslərlə bağlı silsilə yazılar dərc edib.
Hazırda Boradigah şəhər tipli qəsəbədir. Bu statusu 1966-cı ildə almış qəsəbədə hazırda əhalinin sayı (2023-cü ilin siyahıya alınmasına görə) 13 min nəfərə yaxındır
Məhəmməd Əmin Rəsulzadə Boradigahda
Boradigahın bir özəlliyi də tarix boyu görkəmli şəxsiyyətlərin bu yaşayış məntəqəsində olması, insanlarla görüşməsi və yerli əhalinin yaddaşında dərin iz buraxmasıdır. Bu mənada hələ xanlıqlar dövründən Lənkəran bölgəsinə ayaq basan hər kəsin Boradigaha səfər etməyə, buranın təbiətini görməyə, insanları ilə görüşməyə, məscid və mədrəsəyə, həmçinin yerli bazara baş çəkməyə can atması təbii idi. Kitabda bu barədə danışan və məlumatları “çox məhdud”, “səfərlərin məramı və məqsədinin kiçildilməsi”, yaxud “təhrif edilməsi” kimi dəyərləndirən müəllif Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və Mircəfər Bağırovun Boradigaha gəlişini xüsusi qabardıb.
Azərbaycan Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin bu yaşayış məntəqəsində olmasını “çox mühüm tarixi hadisə” kimi dəyərləndirən Sücəddin Şərifov sənədlərə, mətbu yazılara, yerli adamların xatirələrinə istinad edir. Doğrudur, vaxtilə Rəsulzadə özü bu səfər haqqında “Açıq söz” qəzetində ötəri də olsa yazıb, amma kitabda səfər daha detallı işıqlandırılır. Müəllif yeni bir qaynaq kimi yazıçı Yusif Şirvanın 1964-cü ildə nəşr etdirdiyi “Buludlar dağılır” əsərini göstərir. Qeyd edir ki, bu əsər sovet dönəminin siyasi şərtlərinə uyğun yazılsa da, tarixi analizlər müəyyən qənaətə gəlməyə əsas verir. Yazılanlardan məlum olur ki, bu səfər hələ Cümhuriyyət qurulmazdan bir il əvvəl, Müvəqqəti hökumətin idarəçiliyi dövründə baş verib. Kitabda qeyd olunduğu kimi, “M.Ə. Rəsulzadənin Boradigaha gəlişi Lənkərana səfəri çərçivəsində 1917-ci ilin mart ayında baş tutub. Həmin il mart ayının 21-də M.Ə. Rəsulzadə Hacı Zeynalabdin Tağıyevə məxsus böyük bir gəmi ilə Lənkərana gəlib. Həmin səfərdə onu Teymur bəy Bayraməlibəyov və Soltan Məhəmməd Qulubəyli müşayiət edib. Bu o zaman idi ki, fevral inqilabi yenicə baş vermişdi, çar hökuməti yıxılmışdı. Lənkəran qəzasında hakimiyyətsizlik hökm sürürdü. Bir-birini qəbul etməyən iki fərqli güc mərkəzi var idi. Onların hərəsi özünü bir hökumət elan etmişdi. Bunlardan biri milyonçu Mayılovun erməni qohumu Saturovun hökuməti, digəri Mir Əsəd xanın rəhbərliyi ilə yaradılan hökumət idi. Yusif Şirvan yazır ki, səfər cümə gününə təsadüf etdiyindən, dəniz kənarına xeyli adam toplaşmışdı. Qonaqları paroxod meydanında Mir Əsəd xan qarşıladı. Onlar dəniz kənarından Mir Əsəd xanın evinə yollandılar. Burada həm evdə, həm evin ətrafında xeyli adam onları gözləyirdi. Havanın yağışlı olmasına baxmayaraq, şəhərin xeyli taciri Mir Əsəd xanın evinin qarşısına toplaşaraq nələrin baş verdiyini öyrənməyə çalışırdı. M.Ə. Rəsulzadənin Lənkəran qəzasına gəlişi qısa müddətdə sürətlə həm şəhərə, həm ətraf kəndlərə yayılmışdı. Vaxtilə onun inqilabi məqalələrini oxumuş müəllimlər əhaliyə onun inqilabçı olduğunu deyir, “Açıq söz” qəzetini oxuyanlar isə onu millətin atası, rəhbəri kimi təqdim edirdilər. Əhali arasında isə onun sünni, yoxsa şiə olması barədə qızğın mübahisələr başlamışdı.
Müəllifin kitabda M.Ə. Rəsulzadənin səfərini bu qədər detallı işıqlandırmasının önəmi odur ki, söylənilən epizodlar həmin dövrün ab-havasını, ümumi mənzərəni, mürəkkəb ictimai-siyasi prosesləri, insanların psixologiyasını çox dürüst əks etdirir. Buradakı epizodların canlı alınmasına publisist Sücəddin Şərifov və yazıçı Yusif Şirvanın Ana dilindən, onu inci sözlərindən mirvari dənəsi kimi istifadə etmək məharəti də öz təsirini göstərir. Müəllif qaynaqlara istinadən qeyd edir ki, o dövrdə “Müsavat” partiyasının lideri, “Açıq söz” qəzetinin baş redaktoru, milli düşüncə adamı kimi siyasi dairələrdə nüfuzlu şəxsiyyət sayılan Məhəmməd Əmin bəy Lənkərandan əvvəl Şamaxıda, Göyçayda, Yevlaxda, Gəncə və Qarabağda da olmuşdu. Amma həmin səfərlər barədə geniş məlumat yoxdur, Boradigah səfəri isə ən xırda detallarına qədər insanların hafizəsinə və müəllif yazılarına hopmuşdur. Kitabda həmin detallar gözəl bir şəkildə təqdim edilir: “Xanın evindəki müzakirələrdən sonra Mir Əsəd xan axund Hacı Mir Kazımla məsləhətləşib şəhərin küçələrinə car çəkdirir ki, hamı Böyük bazar məscidinin qarşısına toplaşsın. Həmin gün Rəsulzadə saat 2-də faytonla məscidə gəlir. Cümə namazından sonra axund Mir Kazım ağa minbərə çıxıb, moizəyə başlayır. O, kafirlərin dünya üzərində ağalıq etməsindən danışıb onlara lənət oxuyur, sonra sözü Əkbərova verir. Əkbərov Rəsulzadəni Lənkəranın əziz qonağı kimi təqdim edərək deyir ki, qonağımız İslam bayrağını yenidən ucaltmaq istəyir. O, insanlar arasında bərabərlik yaradıb əhalini xoş günə çıxarmaq istəyən əsl müsəlmandı. Sonra söz M.Ə. Rəsulzadəyə verilir. O, bir saatdan artıq çıxış edərək, Müsavat Partiyasının məramı və proqramı haqqında məlumat verir. M.Ə. Rəsulzadə sonrakı gün Əsgər xan Talışxanov və Teymur bəy Bayraməlibəyov başda olmaqla, bir dəstə ilə Boradigaha gəlir. Boradigahda da Lənkərandakı kimi eyni məzmunlu görüşlər keçirib, bir neçə xanın evində qonaq olur. M.Ə. Rəsulzadə Boradigahdan Qalabazara, daha sonra Muğan və Salyan qəzasına gedir”.
Bu səfəri ətraflı təhlil edən müəllif belə qənaətə gəlir ki, M.Əminin Lənkərandan sonra Boradigaha gəlməsinin əsas səbəbi, sözsüz ki, bu kəndin qəzanın mühüm rəy mərkəzlərindən biri olması idi. Həmin dövrdə Boradigahda həftədə iki dəfə toplaşan gur bazar, böyük məscid var idi. Xeyli gediş-gəlişli kənd olduğundan, buradakı siyasi ab-havanın ətraf kəndlərə də böyük təsiri olurdu. Məhz Rəsulzadənin səfərinin nəticəsi idi ki, sonrakı proseslərdə də Müsavat partiyası Boradigah, Şürük, Qalabazar, Boladı, Gərmətük və Ərkivan kəndlərindən böyük dəstək aldı.
Boradigahın tarixində daha bir mühüm hadisə Nəriman Nərimanovun bu kəndə gəlişidir. Kitabda göstərildiyi kimi, N.Nərimanovun da bu kəndə gəlişi Lənkərana səfəri çərçivəsində olmuşdu. O, Lənkərana Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri statusunda 1921-ci ilin oktyabr ayında gəlmişdi. Bu səfər gerçəkləşəndə, artıq Azərbaycan Cümhuriyyəti 18 ay idi ki, süqut etmişdi. Buna baxmayaraq, bölgədə onun dayaqları möhkəm idi, sovet hökumətinə qarşı müqavimət və inamsızlıq bolşevikləri ciddi narahat edirdi. N.Nərimanovun səfəri ərəfəsində bolşevik hökuməti təzə-təzə rahat nəfəs almağa başlamışdıN.Nərimanov Lənkərandakı görüşlərdən sonra Boradigaha gəlir, Boradigahda onu Əkbər xan Talışxanov qarşılayır. Yerli sakinlərlə, ətraf kəndlərin bolşevikləri, tacirləri, din xadimləri ilə görüşdükdən sonra kənd məscidinin yaxınlığındakı binanın eyvanından xalqa müraciət edir. Lənkəranda olduğu kimi, Boradigahda da əhalini uşaqlarını məktəbə göndərməyə, imkanlı şəxsləri və rəhbər işçiləri mövcud olan məktəbin imkanlarını artırmağa və yeni məktəb binası tikməyə çağırır.
Kitabda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da Boradigahda olmasına toxunulmuş, bu onun səfəri də kəndin tarixində mühüm hadisə kimi təqdim edilmişdir. Müəllif yaşlı sakinlərə istinad edərək yazır ki, M.C.Bağırovun kəndə gəlişi bir qədər fərqli, yəni bir növ xəbərdarlıqsız olub. M.Bağırov bölgəyə səfəri zamanı əvvəlcə sadə əhali ilə görüşərək məlumatlanıb, sonra dövlət binalarına gedib. O, 1936-cı ildə Boradigah-Lənkəran yolundan keçərkən, maşınını saxlatdıraraq kolxozun sahəsinə gəlib, kolxozçularla xeyli söhbətləşib. Müəllif yazır ki, Boradigahın yaşlı sakinlərinin dedikləri ilə o dövrün mətbuatında yazılanlar da üst-üstə düşür.
Öz alimləri, öz “Şerlok Holms”u və diktoru olan kənd
Hər eli, obanı tanıdan, onu hörmətə mindirən, şöhrətləndirən insandır. Əslində elə hər yerin incisi, siması da onun nəcib insanlarıdır. Bu baxımdan kitabda Boradigahın şöhrətli insanları haqqında xeyli bilgi verilir. Məsələn, oxucu üçün çox maraqlıdır ki, hələ XVI əsrdə bu kənddə Hacı Mahmud adlı əsilzadə yaşayıb və o, mənbəyini dağlardan götürən su axarından camaatın rahatlığı üçün kəndə ayrıca su arxı çəkdirib. Yaxud ilk Talış xanı Cəmaləddin Mirzə bəyin (Qara xan) anasının Boradigahlı olmasını və xanlığın ilk illərində onun Boradigahda yaşamasını və Boradigahlı Rza bəyin qızı ilə evlənməsini çox az adam bilir. Kitabda bütün bunlar barədə, eləcə də Boradigahın məşhur bəyləri, sənətkarları, din xadimləri və tacirləri haqqında məlumat verir. Bu baxımdan bölgənin tarixini qələmə almış “Cəvahirnameyi-Talış” (farsca) kimi tarixi əsərlərin müəllifi olan salnaməçi Səidəli Kazım bəy oğlu Boradigahi haqqında yazılanlar çox maraqlıdır.
Müəllifin bu silsilədən kitabda verdiyi “Pələnglə döyüşən şir ürəkli Xudaverdi bəy”, “Talış xanının ikinci Yekatrina ilə görüşən oğlu – Mir Əsədullah bəy”, “Önəmli dövlət adamı – Soltanağa Zülfüqarov”, “Əli Bağırov – Stalin-Ruzvelt-Çörçil görüşündə təmsil olunan həkim”, “Şair Abbas Səhhətlə birlikdə təhsil alan Mirzə Məmmədəli”, “Allahverdi Əkbərov – Maqdeburq şəhərinin komendantı” kimi oçerkvari yazılar maraqla oxunur. Əlbəttə, müəllif təkcə tarixə qovuşmuş şəxsiyyətlər haqqında deyil, Boradigahın bugünkü simaları haqqında da söhbət açır. Bu adamların arasında hamımızın tanıdığı şəxsiyyətlər də az deyil. Məsələn, çox az adam ölməz mənsur şeirlər müəllifi, görkəmli söz ustası Gülhüseyn Hüseynoğlunun Boradigah sovetliyinin Mollaoba kəndindən olduğunu bilmir. Müəllif onun barəsində “Gülhüseyn Hüseynoğlu – 25 illik həbs cəzası alan “ildırımçı” mini oçerkdə söz açır. Bu mənada Sosialist Əməyi Qəhrəmanı Qubad Nəsirov, məşhur kardioloq, professor Heybət Abdullayev, Azərbaycan televiziyasının ilk diktorlarından biri olmuş Rəna Nəsirova, peşəkar polis əməliyyatçısı, “Şerlok Holms” ləqəbi qazanmış Akif İsmayılov, şair-publisist İdris Hacızadə, ingilis dili mütəxəssisi, görkəmli pedaqoq Sahib Məcidov, lüğətçi Əmmar Abbasov, general Vahid Musayev, fizika alimi və siyasətçi Gülağa Aslanlı, jurnalistlər Vasif Hüseynov və Zahid Fərzullalı, futbolçu Rüfət Hüseynov, həkim Mehriban Abasquliyeva və başqa tanınmış simalar haqqındakı sevgi dolu yazılar maraqla və birnəfəsə oxunur.
Təkcə bir elin-obanın deyil, bütün Azərbaycanın siması ola biləcək bu adamlar haqqında yazıları oxuduqca, onların həyat yolunu izlədikcə, sanki bir yurdun hekayəsini dinləyirsən. Onların doğulub boya-başa çatdığı Boradigah torpağının qoxusunu duyursan, onların oxuduqları köhnə məktəbin zəng səsini, məktəbli uşaqların sevinc dolu gülüşlərini eşidir və bütün bunları ustalıqla canlandıran müəllifə “əhsən” deyirsən. Çünki məhz müəllif oxucunu doğulduğu kəndin dar cığırları ilə aparır, oradakı insanların zəhmət və xeyirxahlıqla yoğrulmuş həyatını, adət-ənənələrini, sevinc və kədərlərini səmimi dillə nəql edir. Hər səhifə kəndin yaddaşını yaşadır, həm keçmişə hörmət, həm də bu günə çağırış kimi oxunur. Bu kitab həm xatirə, həm də salnamədir – həm kəndin, həm də müəllifin özünün ruhunu qoruyan bir əsər kimi qavranılır.
Simalardan söz düşmüşkən kitabda bir məqam da diqqəti cəlb edir. Bu, Boradigahdan deputat seçilmiş şəxlərlə bağlıdır. Məsələn, çox az adamın xəbəri var ki, məşhur aktyorumuz, xalq artisti Ağasadıq Gəraybəyli sovet dövründə bu dairədən respublika Ali Sovetinə deputat seçilib və həbsdən adam buraxılmasına kömək edib. Müstəqillik dövründə tanınmış simalardan dövlət xadimi Həsən Həsənov, həkim Vəsadət Əzizov, xalq yazıçısı Elmira Axundova, tarixçi-alim, professor Anar İskəndərov və iş adamı Məşhur Məmmədov bu dairədən deputat seçiliblər. Müəllif bu şəxslər haqqında da oxucuya əlavə məlumatlar verir. Boradigaha bu və ya başqa formada aidiyyatı olan tanınmış adamları, adət-ənənələri ayrı-ayrı hekayələr, portret-oçerklər şəklində təqdim etdiyindən bu kitabı müəyyən mənada “oçerklər toplusu” kimi də səciyyələndirmək olar.
Tədqiqatçılar üçün əvəzsiz mənbə
Kitabda Azərbaycan tarixi üçün kifayət qədər geniş faktik materiallar var. Xüsusən XIX əsrin axırları və XX əsrin 30-cu illərinə qədər olan dövrdə bölgədə baş vermiş ictimai-siyasi proseslər, hərbi əməliyyatlar, siyasi münaqişə zəminində çarpışmalar elmi-publisistik tərzdə təqdim olunub. Hadisələrin təsvir və izahında xeyli mötəbər mənbələrə istinad olunub. Bu baxımdan kitabın “Boradigahın mübarizə tarixi”, “Mir Hüseyn Bəyə qarşı üsyan”, “Əsgərabad davası”, “Təlatümlü illər” bölmələrində tarixin çox dramatik hadisələri əks etdirilib. Burada müəllif faktları, tarixləri, hadisələri olduqca dəqiq və yoxlanıla bilən şəkildə təqdim edir. Arxiv materialları, köhnə fotoşəkillər, sənəd və məktublardan mənbə kimi istifadə edir.
Peşəkar jurnalist və qəzetçi olduğundan müəllif Sücəddin Şərifovun dili sadə, aydın və oxucuya yaxın üslubdadır. O, elmi faktları quru statistikadan çıxararaq canlı bədii-obrazlı detallarla zənginləşdirir. Hər hansı tarixi parçanı və ya xatirələrdən seçdiyi hissələri qabartmaqla, yaxud Boradigahın həyatına aid olan mədəniyyət, məişət, xalq sənəti, tarixi bazar-ticarət, dini fəaliyyət haqda maraqlı məlumatlar verməklə kitaba, həm də etnoqrafik dəyər qazandırır.
Sücəddin Şərifovun çox ağır zəhmət hesabına hasilə gəlmiş “Boradigah: tarixi qaynaqlarda” kitabı Azərbaycan regional tarixşünaslığında dəyərli tədqiqat nümunəsidir. Kitab təkcə bir kəndin tarixini deyil, bütövlükdə cənub bölgəsinin dünənki və bugünkü ictimai-siyasi mənzərəsini qavramağa kömək edir. Əsərdəki zəngin faktoloji material regionşünaslıq, tarix və etnoqrafiya sahəsində tədqiqatçılar üçün əvəzsiz mənbədir. Kitab həm də maarifçilik, milli kimliyin dərki və milli özünüdərk baxımından da çox önəmlidir.Zəngin mənbələrə söykənməsi, obyektivliyi və oxunaqlı üslubu ilə seçilən bu kitab həm elmi auditoriya, həm də geniş oxucu kütləsi üçün faydalıdır. Onun Boradigahın tarixi ilə maraqlanan hər kəs üçün, xüsusən gənclər üçün əsas mənbələrdən birinə çevriləcəyi şübhəsizdir.
Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor