Ötən həftə Bakıda 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week”in (“Bakı Su Həftəsi”) mərasimi keçirilib. Tədbirdə çıxışı ilə “tərəqqi” mesajları verən şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri, əlahəzrət Zaur Mikayılov tribunadan gur səslə bəyan edib - "Bu tədbir artıq bir ənənəyə çevrilir, su ehtiyatlarının idarə olunması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində “mühüm müzakirələr aparmaq imkanı yaradır”.
Bəh, bəh, nə gözəl səslənir - “su ehtiyyatlarının idarə olunması, qorunması və gələcək nəsillərə ötürülməsi”…
Cənab Mikayılov, siz nədən danışırsınız? Gələcək nəsillərə ötürmək bir yana, bu günkü nəsil Xəzər rayonunda, Buzovna qəsəbəsində və ətraf yaşayış massivlərində düz 1 həftədir su üzünə həsrətdir. Bir həftədir kranlardan su gəlmir, camaat əlini, üzünü yumağa su tapmır. Dərs ili başlayıb, uşağı çimizdirməyə, yemək bişirməyə, tualet ehtiyacını ödəməyə su yoxdur. Siz də deyirsiz "gələcək nəsillərə"?...
Xəzər Rayon Su Kanal İdarəsinin rəisi kimdir? Heç kim bilmir. Ərazidə yaşayan sakinlərin dediyinə görə, bu şəxsin adını, fəaliyyətini, mövcudluğunu görən olmayıb. Adam sanki yerin altına girib. Halbuki vətəndaş ondan cavab gözləyir. Bu işi bacarmırsınızsa, niyə vəzifədəsiniz?
Bir həftədir bu ərazidə nə bir açıqlama, nə bir rəsmi bildiriş, nə də ki, alternativ su təchizatı təmin olunub. Amma eyni vaxtda siz Bakının mərkəzində böyük tədbir keçirir, dövlət büdcəsindən yüzminlərlə manat vəsaiti konfranslara, tədbirlərə, sərgilərə sərf edirsiniz.
Su olmayan yerdə “Su Həftəsi” keçirmək nə qədər absurddur, anlayırsınızmı?
Məsələn, mən sizdən soruşuram - Tədbirlər xalq üçündür, yoxsa tenderlər və şoular üçün?
Gələcək nəsillərə su ötürməkdən danışırsınız, bəs bu gün susuz qalan bu xalqın sabahı olacaqmı?
Əlini-üzünü yumağa su tapmayan uşağın gələcəyi varmı?
Sizcə belə şəraitdə xəstəliklər, sanitariya fəlakətləri baş verməyəcəkmi?
Cənab Mikayılov, Bakının 20-25 dəqiqəlik məsafəsində yerləşən Buzovna və ətraf kəndlərdə camaat vedrə ilə su axtarır. Xəbəriniz varmı ki, prezident bu ərazidən hər gün keçir? Bəlkə istəyirsiniz camaat səhərdən yola düzülüb əllərində vedrə, prezidentdən su istəsin? Bunu gözləyirsiniz?
Əgər siz bu qədər sərəncamlı tədbir, büdcəli layihə təşkil edirsinizsə, zəhmət çəkin, camaatın evinə də bir damcı su ötürün. Konfransda istifadə etdiyiniz “gələcək nəsillər”, “idarəetmə”, “davamlı inkişaf” kimi gözəl sözləri xalq artıq eşitmək istəmir. İnsanlar real nəticə, su, xidmət tələb edir.
Əgər bir həftəlik su kəsintisinə görə bir nəfər belə məsuliyyət daşımırsa, demək bu sistem çürüyüb. Və bu çürümənin başında da siz dayanırsınız, cənab Mikayılov.
Ədil Hüseynov - bizimxeber.org