1 sentyabrdan etibarən Rusiyada miqrantlarla bağlı yeni qaydalar qüvvəyə minib. Qeydiyyat və müvəqqəti qalma müddətinin uzadılması üçün rüsumlar artırılıb və geolokasiya izləyən xüsusi mobil tətbiqdən istifadə məcburi edilib.
Tətbiqdən üç gün ərzində istifadə edilməzsə, şəxs “nəzarət olunanlar” siyahısına salına və deportasiya oluna bilər.
Yeni qaydalar işəgötürənlərin bildiriş formasını dəyişir və sərhəd xidməti miqrantlara ölkəyə giriş qadağası qoymaq səlahiyyətinə malikdir.
Məqsəd miqrantların rəsmi nəzarətdə saxlanmasını gücləndirmək olsa da, bu, gündəlik həyat və iş yerlərinə sərt nəzarət gətirir.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Zaur Bayramlı vurğulayıb ki, Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır:
“Rusiyada yaşayan miqrantların qeydiyyatı və məcburi tətbiq vasitəsi ilə izlənməsi ehtimalı mövcuddur. Zənn edirəm ki, miqrantlar bir tətbiq vasitəsi ilə qeydiyyatdan keçəcək və telefonlarına həmin tətbiq proqramı məcburi qaydada yüklənəcək.
Əgər onlar 3 gün müddətində tətbiqdən istifadə etməsələr, bu, onların deportasiya olunmasına əsas yarada bilər. Təbii ki, bu qanunlar hüquqi deyil, siyasi qanunlardır. Xüsusən də son zamanlarda Azərbaycanla Rusiya münasibətlərinin gərginləşməsi fonunda belə bir qanunun qəbul edilməsi bunun siyasi mahiyyətini göstərir”.
Zaur Bayramlı həmçinin bu tədbirlərin yalnız Azərbaycan vətəndaşları ilə məhdudlaşmayacağını vurğulayıb:
“Əminəm ki, bu tədbirlər Tacikistan və digər ölkələrin vətəndaşlarına da şamil ediləcək. Son günlər Çin və Tacikistan Prezidentinin Putinlə soyuq görüşü buna bir nümunədir.
Eyni zamanda Rusiya vətəndaşı olan Azərbaycan kökənli insanların həbs edilməsi, vətəndaşlıqlarının ləğv olunaraq Azərbaycana deportasiya edilmələri göstərir ki, burada hər hansı hüquqi prosedurlardan söhbət gedə bilməz. Bu, sırf siyasi və etnik yanaşmadır. Etnik cəhətdən Azərbaycanlı, türk və Orta Asiyalı olduqları üçün bu məhdudiyyətlər onlara tətbiq edilir”.