“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın 1 gün sonra tam söndürülüb. “Supertoys” MMC-nin anbarında baş verən yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Modern.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev qeyd edib ki, mövcud yanğın hadisəsi bir daha göstərdi ki, iri həcmli ticarət və anbar komplekslərində təhlükəsizlik məsələsi hər gün, hər saat aktual saxlanılmalıdır. Onun sözlərinə görə, bu cür obyektlərdə yanğınların baş vermə səbəbi çox zaman bir neçə amilin üst-üstə düşməsi ilə əlaqəlidir:
“Ən çox rast gəlinən səbəblər arasında köhnəlmiş elektrik xətlərində baş verən qısaqapanmalar, havalandırma sistemlərində yığılan toz və tullantılar, eləcə də anbarlarda saxlanılan, xüsusilə plastik və digər asan alışan məhsulların yaratdığı yüksək yanğın riski yer alır”.
Təhlükəsizlik eksperti bildirib ki, yanğının gec söndürülməsinin əsas səbəbi obyektin miqyası və strukturudur:
“Belə ticarət mərkəzlərindəki anbarlar çox geniş ərazini əhatə edir və içəridə böyük miqdarda yanıcı materiallar toplanır. Bu isə alovun sürətlə yayılmasına şərait yaradır. Belə şəraitdə yanğınsöndürənlər üçün alovu tam nəzarət altına almaq çətinləşir, çünki alov özünə “qida” tapdıqca təkrar-təkrar alışır”.
O həmçinin vurğulayıb ki, sevindirici haldır ki, baş vermiş yanğın nəticəsində insan tələfatı qeydə alınmayıb:
“Lakin unutmamalıyıq ki, bu sadəcə bir şansdır. Belə hadisələr bir anlıq nəzarətsizlik nəticəsində çox ciddi faciəyə çevrilə bilər.
Bu səbəbdən də belə iri komplekslərdə yanğın siqnalizasiya sistemlərinin işlək vəziyyətdə olması, təxliyə yollarının daim açıq saxlanılması və mütəmadi texniki baxışların keçirilməsi həyati vacibdir. Çünki bu cür hadisələr yalnız mağaza və sahibkarların deyil, eyni zamanda yüzlərlə sahibkarın biznesinə, minlərlə insanın işinə və ən əsası, ictimaiyyətin təhlükəsizliyinə təsir edir”.
Ekspert son olaraq onu da əlavə edib ki, burada söhbət təkcə yanğını söndürməkdən deyil, həm də gələcəkdə bu kimi risklərin necə qarşısının alınacağından gedir.
“Təhlükəsizlik tədbirləri yalnız formal yoxlamalar üçün deyil, real həyat üçün təşkil olunmalıdır”,- deyə O.Musayev bildirib.