Bu ilin ilk yarısında Cənubi Qafqaz ölkələri arasında ən çox turist Gürcüstana səfər edib.
Yeniavaz.com Cənubi Qafqaz ölkələrinin rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, Gürcüstan bu ilin yanvar-iyun aylarında 3,2 milyon xarici turist qəbul edib və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artım olub.
Gürcüstana Avropa İttifaqı ölkələrindən və Böyük Britaniyadan gələnlərin sayı 10 faizdən çox artıb.
İtaliya, İspaniya, Yunanıstan və Polşadan Gürcüstana gələnlərin sayı isə ümumilikdə 20-28 faiz arasında yüksəlib.
Azərbaycan isə 2025-ci ilin ilk altı ayında 1 milyon 217 min turist qəbul edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 faiz azdır. Azərbaycana gələnlərin ən böyük hissəsini Rusiya və Türkiyə vətəndaşları təşkil etsə də, Hindistan və Səudiyyə Ərəbistanından, həmçinin Pakistan və Çindən gələn turistlərin sayında artım müşahidə olunub.
Ermənistana gələn turistlərin sayı isə 907 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz az olub. Əsas turist axını Rusiyadan, Gürcüstandan və İrandan gəlib.