Musavat.com xəbər verir ki, tanınmış rusiyalı politoloq və şərhçi Sergey Markovun “xarici agent” reyestrinə salınması Azərbaycan cəmiyyətində və diasporasında ciddi narazılıq doğurub. Rusiyadakı Azərbaycan diaspor təşkilatları bəyanat yayaraq bu qərarı ədalətsiz adlandırıb və statusun ləğv edilməsinə çağırış ediblər.
Bəyanatda qeyd olunub: “Əgər Rusiyada Azərbaycanla dostluğa, tarixi vətənə sevgi münasibətinə görə insanları düşmən elan edəcəklərsə, bu, yaxşı heç nəyə gətirməz. Azərbaycan təkcə Rusiyanın qonşusu deyil, həm də onun vətəndaşları Rusiya Federasiyasının çoxmillətli xalqının bir hissəsidir”.
Musavat.com-a görə, Sergey Markovun ən böyük “günahı” Azərbaycanın mövqeyinə obyektiv yanaşması və xüsusilə də Şuşada keçirilən Qlobal Media Forumunda iştirakı olub.
Xatırladaq ki, həmin Forumda iştirak edən başqa bir tanınmış ziyalı – TASS dövlət informasiya agentliyinin rəhbərinin birinci müavini Mixail Qusman da ciddi nəticə ilə üzləşmiş, tədbirdən sonra işdən çıxarılmışdı. Markova isə “xarici agent” statusu verildi.
Rusiyada “xarici agent” statusu yalnız hüquqi məhdudiyyət deyil, həm də siyasi damğa kimi qəbul olunur. Bu status adətən başqa ölkələrin maraqlarına xidmət edən şəxslərə verilir və ictimaiyyət qarşısında həmin insanların nüfuzunu sarsıdır. Markov isə buna etiraz edərək bildirib:
“Mən 25 ildən çoxdur ki, Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Xarici agent deyiləm, bunu hamı bilir”.
Azərbaycanda hesab olunur ki, Markov kimi obyektiv ekspertlərə qarşı təzyiqlər sadəcə ölkəmizə münasibətdə ədalətli mövqe tutmalarına görə həyata keçirilir. Şərhçilərin fikrincə, Azərbaycanla bağlı obyektiv fikir bildirən hər kəs damğalanır, gözdən salınır və işini itirmək riski ilə üzləşir.
Markovun Kremlə sadiqliyi hamıya bəlli olsa da, ona qarşı belə bir münasibət Azərbaycanın dostlarına qarşı ayrı-seçkiliyin nümunəsi kimi dəyərləndirilir. Diasporun bəyanatı göstərir ki, Azərbaycan ictimaiyyəti bu davranışdan narazıdır və məsələnin diqqətdə saxlanılmasını vacib sayır.