Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zakir Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə bu il Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 148 saylı binanın arxa tərəfində qeydə alınıb.
Belə ki, Zakir Babayev dostu, zərərçəkmiş Zəfər Kərimovla (adı, soyadı şərtidir) aralarında şəxsi münasibətlərinin pozulması zəminində mübahisə edib. Bu zaman o, zərərçəkmişin sol göz nahiyəsindən qəsdən yumruq zərbəsi ilə vuraraq, ona yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.
Hadisədən sonra Zakir Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında zərərçəkmiş Zəfər Kərimov hazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, dostuna qarşı şikayət və tələbinin olmadığını bildirib.