Son dövrlər Azərbaycanda bir sıra ali təhsil müəssisələri təhsil haqlarını artırmağa başlayıblar. Müşahidələr göstərir ki, yeni tədris ilindən etibarən bəzi dövlət və özəl universitetlərdə ödənişlər orta hesabla 15-20 faiz bahalaşacaq. Bu isə bir çox ailələr üçün əlavə maliyyə yükü deməkdir.
Lakin sual yaranır: təhsil haqqı artan universitetlər eyni sürətlə tədris keyfiyyətini, infrastruktur şəraitini, professor-müəllim heyətinin peşəkarlığını və beynəlxalq rəqabət qabiliyyətini də yüksəldiblərmi? Ümumiyyətlə, tələbənin ödədiyi məbləğ aldığı təhsilin keyfiyyətinə adekvatdırmı?
Qeyd edək ki, Azərbaycandan fərqli olaraq, dünyanın bir çox ölkəsində ali təhsil ya pulsuz, ya da daha münasib qiymətlidir. Məsələn, Fransa, Çexiya, Norveç, Finlandiya və İsveçrə kimi ölkələrdə dövlət universitetlərində təhsil tamamilə ödənişsizdir. Almaniyada isə 2006-cı ildən dövlət ali məktəblərində ödəniş tətbiq olunsa da, məbləğ kifayət qədər aşağıdır – hər semestr üçün 200-300 avrodan 500 avroya qədər, illik isə orta hesabla 500-1000 avro aralığındadır.
Bundan başqa, bir çox Avropa ölkəsində təhsil haqları artsa belə, bu artım paralel olaraq tələbələr üçün yeni laboratoriyalar, müasir avadanlıqlar, təqaüd proqramları və beynəlxalq təcrübə imkanları ilə müşayiət olunur. Azərbaycanda isə çox zaman qiymət artımı ilə təhsil keyfiyyəti arasında bu paralellik zəif görünür.
Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu Sherg.az-a deyib ki, təxminən 336-a yaxın universitetdə qiymət artımı müşahidə olunur, bəzilərində isə qiymətlər sabit qalıb:
"Artım 50, 100, 150, 200, 300 manat civarında dəyişir. Hətta bəzi universitetlərdə daha yüksək artımlar da qeydə alınıb.
Təhsil haqqının artmasının bir sıra səbəbləri var. Buraya idxaldan asılılıq, inflyasiya, xərclərin artması kimi faktorlar daxildir. Son illərdə ölkədə ümumi qiymətlərin yüksəlməsi, müəllimlərin maaşlarının müəyyən qədər artırılması, kommunal xərclərin bahalaşması da universitetlərin büdcəsinə təsir göstərir. Xüsusən texniki və laboratoriya avadanlıqları, proqram təminatları, lisenziyalar və xarici müəllimlərin əməkhaqları xarici valyuta ilə ödənildiyindən, dollar və avronun bahalaşması qiymət artımına səbəb ola bilər.
Təhsil keyfiyyəti və şəffaflıq məsələsinə gəlincə, ödənişlərin bahalaşması yalnız real tədris şəraitinin, infrastrukturun və akademik səviyyənin yüksəlməsi ilə əsaslandırıla bilər. Təəssüf ki, bəzən universitetlər qiyməti artırsa da, təhsilin keyfiyyətində ciddi dəyişiklik olmur. Xaricdə bəzi universitetlərdə təhsil haqqının yüksək olması ilə yanaşı yeni təqaüd proqramları, müasir laboratoriyalar, təcrübə imkanları təqdim edilir. Azərbaycanda isə bu paralellik çox zəifdir, sadəcə artan təhsil haqqı olur".
Ekspertin sözlərinə görə, ali təhsil müəssisələrində ödənişlərdəki 15-20% artım bir çox ailə üçün ciddi maliyyə yüküdür:
"Xüsusən orta gəlirli ailələr üçün bu, yüksək məbləğ sayılır. Kredit və təqaüd mexanizmlərinin kifayət qədər inkişaf etməməsi səbəbindən bəzi tələbələr təhsildən uzaq qala və ya istədiyi ixtisası seçə bilməyə bilər. Nəticədə tələbə maddi imkanına görə ixtisas dəyişməyə məcbur olur ki, bu da uzunmüddətli perspektivdə ali təhsil alan gənclərin sayına mənfi təsir göstərməsi mümkündür. Alternativ maliyyələşmə yolları mövcuddur. Universitetlər yalnız təhsil haqqına güvənmək əvəzinə elmi tədqiqat layihələrindən, beynəlxalq qrantlardan, biznes tərəfdaşlıqlarından da gəlir əldə edə bilərlər. Sosial həssas qruplar üçün güzəştlər və pilləli ödəniş sistemi tətbiq edilməsi də müəyyən qədər yükü azalda bilər. Əgər ödənişlərin artımı keyfiyyətin və şəffaf hesabatlılığın yüksəlməsinə xidmət edirsə, bu müəyyən qədər əsaslı sayıla bilər. Lakin sırf maliyyə boşluqlarını doldurmaq və ya xərcləri kompensasiya etmək məqsədi daşıyırsa, tələbəyə geri dönüş təmin olunmursa, bu, sosial baxımdan mənfi qarşılanmalıdır".
Rizvan Fikrətoğlu əlavə edib ki, Azərbaycanda bəzi universitetlər son illərdə kampuslarını yeniləyib, laboratoriyalar, kitabxanalar, tədris binaları, texniki baza qismən müasirləşdirilib, rəqəmsal resurslar artırılıb:
"Lakin bu proses bütün universitetlərdə eyni templə getmir. Bir çox hallarda təhsil haqqı artımı infrastruktur yenilənməsindən daha çox, keyfiyyət isə daha az olur. Bundan əlavə, maliyyə resurslarının istifadəsində şəffaflıq problemi qalmaqdadır. Yekunda, ödənişlərin artımı yalnız tələbəyə daha yaxşı təcrübə, müasir tədris şəraiti və keyfiyyətli təhsil təmin edirsə, uzunmüddətli dövrdə faydalı ola bilər. Əks halda, keyfiyyət ilə qiymət artımı arasında paralellik olmadıqda, bu, cəmiyyətdə haqlı narazılığa səbəb olur".