Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.
Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.
Maraqlıdır, Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır? Bu, Azərbaycana nə verəcək?
Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Suriyaya ixracı bir çox aspektdən Yaxın Şərqdə yeni əməkdaşlıq səhifəsinin başlanğıcı ola bilər:
"Düşünürəm ki, Azərbaycan təbii qazının Suriyaya ixracının Yaxın Şərqdə siyasi və iqtisadi cəhətdən açılım olması mümkündür. Bu, ölkəmizin ərəb dünyası ilə iqtisadi inteqrasiyasını gücləndirər.
Üstəlik, sözügedən addım uzun illər müharibədən əziyyət çəkmiş Suriya üçün enerji sabitliyi kimi də qiymətləndirilməlidir. Bunu xüsusi vurğulamaq lazımdır. Bu addım da Azərbaycanı Qərb və Şərq arasında enerji körpüsü kimi daha da önə çıxarır".
Ekspert qeyd edib ki, Azərbaycan bu ixracla Yaxın Şərqdəki ərəb dövlətlərinə də enerji ixracatçısı kimi təqdim olunur:
"Beləliklə, gələcəkdə Suriya üzərindən İordaniya, Livan və hətta Misirə qədər uzanan yeni enerji marşrutlarında da iştirak edə bilərik. Bu əməkdaşlıq Azərbaycanın bərpa layihələrində, enerji infrastrukturlarının tikintisində və diplomatik rolda kifayət qədər geniş iştirakına rol aça bilər.
Bundan başqa, Azərbaycan üçün əsas qazanc regional oyunçu statusunu bir qədər də gücləndirməkdir. Bu gün Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrildiyi kimsəyə sirr deyil. Xüsusilə də Qərbin Orta dəhliz məsələsində əhəmiyyətli rol oynayır".
Tamilla Qulami onu da vurğulayıb ki, Azərbaycanın Suriyaya qaz idxal etməsi çox əhəmiyyətlidir:
"Bu, ölkəmizin siyasi nüfuzunu daha da artırır. Çünki Azərbaycan Avropa qaz nəql etməklə yanaşı, artıq Yaxın Şərqdə də enerji balansına təsir edən aktora çevrilir.
Eyni zamanda, bu, həm də iqtisadi qazancdır. Çünki yeni bazar, yeni gəlir deməkdir. Nəzərə almaq lazımdır ki Suriya kimi böyük enerji ehtiyacı olan ölkəyə qaz nəqli Azərbaycanın ixrac coğrafiyasını genişləndirəcək".