2025-ci ilin birinci yarımilliyində Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda nəzarət tədbirləri aparılıb.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə ümumilikdə 162.011,12 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. İlkin maliyyə nəzarəti çərçivəsində isə 10.220,8 min manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.
Hesabat dövründə Maliyyə Nəzarəti Xidməti əsasən Baş Prokurorluq və digər hüquq-mühafizə orqanlarından daxil olmuş müraciətlər əsasında 53 təşkilatda yoxlama apararaq 85 milyon 240 min manat məbləğində artıq və əsassız ödəniş aşkarlayıb. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.
2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24 təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76 milyon 771 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb. Müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Baş Prokurorluğa təqdim edilib.
Yoxlamalar zamanı, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.