Hüquqçu, sosioloq Maurice Duverger demişdi: "Ədalətin olmadığı yerdə hamı günahkardır". Mən isə deyirəm: bugün bir ədalətsiz məhkəmə hökmü varsa, deməli, bir gün o hökmün öz məhkəməsi də olacaq.
Bu dediyimə özüm də ürəkdən inanmaq istəyirəm. İnanıram da. "Məhkəmə səhvləri" deyilən bir anlayış, əlbəttə, var. Ancaq səhv başqa şeydir. Hakim sifarişlə, şüurlu olaraq haqsız qərar verirsə, bunun adı səhv deyil artıq. Bilmədən səhv etmək olar. Hərçənd o "bilməmək" özü nəinki səhvdir, hətta böyük günahdır.
Sifarişlə hökm çıxaran hakim özü də bir növ məhkumdur, elə deyilmi?!
Mən öz sənətim haqqında yazmışdım: "Jurnalistika vicdan işidir. Vicdanımız qədər varıq. Ya da yoxuq!"
Bu, eynilə ədalət məhkəməsinə - hakimə də aiddir. Bir haqsız hökm bəzən bir deyil, ən azı bir neçə insanın taleyinə təsir edir. Haqsız, qanunsuz hökmlə həbsə düşüb, oradan ya cansız, ya da yarımcan çıxan o qədər insan var ki!
Günahsız məhbuslar problemi insanın vicdanını ağrıdır. Heç tanımadığın, tanısan, bəlkə heç sevməyəcəyin insanların da qırılmış taleləri ağır daş olub ürəyindən asılır. Özündən asılı deyil ki! Gözlərini, qulaqlarını yuma bilərsən bəlkə. Ürəyini ki susdura bilməyəcəksən.
Qovurucu avqust sənin "çöldəki" çölünü bu qədər yandırlb yaxırsa, gəl, gör, "içəridəki" insanın içində nə yaralar açır.
Həbsdə olmamışam, türməyə düşməmişəm. Bəlkə də mən çox şişirdirəm. Bilmirəm. Təəssüratlarım yoxdur, ancaq təsəvvürlərim var. Az-çox içəridən bayıra sızan məlumatlar da öz yerində. Bunlar rahatlıq vermir.
Çox isti olanda, bir də çox soyuq olanda bir əsgərlər gəlir gözümün qarşısına, bir açıq havada işləyən fəhlələr, bir də məhbuslar. Onları düşünməmək olmur.
Məhbuslar isə ayrıca həssas zümrədir. İllah da haqsız yerə azadlıqdan məhrumetmə hökmü yemiş məhkumlar. Onu təkcə iyul günəşi yandırmır axı. Həm də ədalətsizlik yandırır.
Hərdən onları da xatırlamaq, düşünmək, demək lazımdır. Biz sanki azadlıqdaykən nəfəs almaqda çətinlik çəkiriksə, gör, dörd divar arasındakılar nələr çəkir! İnsanların çoxu azadlıqda ola-ola ailəsini çətinliklə dolandırır, bir də "içəri" dediyimiz dörd divar içindəkilərin ailələrini düşünün.
Möhtərəm və ya sadəcə, elə hakimlər, vicdanınıza hakim olun. Günahsıza cəza verməyin. Onsuz da günahkar dünyada birtəhər yaşayır insan. Bir günah da siz uydurmayın özünüzdən. Başqasının ayağına yazdığınız hər günah sizin də adınıza - ömrünüzə yazılan günahdır. Bunun bir yerdə sorğu-sualı mütləq olacaq. Ya indi, ya sonra...