Ermənistandakı mənbələr, xüsusilə də müxalif mövqedə olan “Hraparak” nəşri ciddi və narahatedici məlumat yayıb.
Musavat.com xəbər verir ki, nəşrin Gümrü şəhərindəki mənbələrə istinadla yazdığına görə, 102-ci Rusiya hərbi bazasına son həftələrdə intensiv şəkildə silah, texnika və sursat daşınır. Məlumatlara əsasən, hər gün bir neçə Rusiya hərbi yük təyyarəsi bazaya enir və bu axın səngimək bilmir.
Erməni ictimaiyyəti və bəzi siyasi dairələr artıq bu hərbi yığmanın sadəcə bazanın rotasiya və texniki təminat proqramı olmadığını, daha geniş məqsədlərə hesablandığını düşünməyə başlayıb. “Hraparak” yazır ki, Kreml Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqından çıxmasını gözləyir və bu addımlar tamamlandıqdan sonra Ermənistanda Paşinyan hökumətinə qarşı açıq çevriliş ssenarisini reallaşdıra bilər.
Bu məlumatlar fonunda Musavat.com-un təhlili göstərir ki, Ermənistanın müstəqil qərarlar verməyə başladığı və Qərbə inteqrasiya etdiyi hər mərhələdə Rusiya tərəfindən təzyiqlər güclənir. Paşinyan hökuməti KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmağa dair açıq siqnallar verdikcə, Kreml bu prosesin qarşısını almaq üçün hərbi təsir vasitəsinə keçid edə bilər.
Azərbaycan da bu prosesləri diqqətlə izləyir. Çünki Ermənistanda Rusiyaya bağlı qüvvələrin çevriliş yolu ilə hakimiyyətə gətirilməsi və bu qüvvələrin Azərbaycanla 2020-ci ildə bağlanmış sülh razılaşmalarını pozması ehtimalı regionda yeni eskalasiya təhlükəsi doğura bilər.
Maraqlıdır ki, Azərbaycanın sabiq baş naziri, təhlilçi Pənah Hüseyn Musavat TV-yə verdiyi müsahibəsində bu ehtimala toxunaraq bildirmişdi:
“Rusiya Ermənistanda Paşinyanı devirdikdən sonra onun yerinə özünə sadiq qüvvələri gətirib, həmin hökumətin vasitəsilə Azərbaycana təzyiq və ya hərbi müdaxilə planlaya bilər. Bu, real təhlükədir.”
Sual yaranır: Ukrayna cəbhəsində ağır itkilər verən, Qərbin sanksiyaları altında iqtisadi və hərbi baxımdan sıxışdırılan Rusiya nə üçün bu qədər resursunu Ermənistana yönəldir? Bu, sadəcə mövcud bazanın qorunmasıdır, yoxsa Gümrü bazası yaxın aylarda aktiv hərbi ssenaridə iştirakçı olacaq?
Hərbi müşahidəçilər bu məsələdə iki ehtimalı önə çəkirlər:
- Rusiya Ermənistanda çevrilişə hazırlaşır. Paşinyanın getməsi və onun yerinə Moskvaya bağlı qüvvələrin gətirilməsi həm Rusiyanın Cənubi Qafqazda yenidən güc nümayiş etdirməsi, həm də Zəngəzur dəhlizi layihəsinin qarşısını almaq cəhdi ola bilər.
- Yeni bir eskalasiya ssenarisi hazırlanır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırması eyni zamanda Azərbaycan sərhədlərinə təzyiq mexanizmi kimi istifadə edilə bilər. Bu, həm Ermənistanın revanşist hissələrini, həm də Rusiya təbliğatını qidalandıracaq addım ola bilər.
Bütün hallarda bölgədə vəziyyət yenidən kritik həddə yaxınlaşır. Əminik ki, Azərbaycanın milli təhlükəsizlik orqanları və diplomatik çevrələri bu cür prosesləri yaxından izləyir və ehtimal olunan təhdidlərə qarşı müttəfiqlərlə – xüsusilə Türkiyə ilə sıx koordinasiya içində fəaliyyət göstərir.
Rusiya rəhbərliyi anlamalıdır ki, Ermənistan üzərində nəzarəti bərpa etmək məqsədilə bölgədə sabitliyi pozmaq cəhdi nə regional, nə də beynəlxalq müstəvidə qəbul olunacaq. Azərbaycan istənilən təxribat planına cavab verməyə tam hazırdır.