ABŞ uzun illərdir dalana dirənmiş Ermənistan-Azərbaycan danışıqlarına yeni nəfəs gətirmək üçün maraqlı təklif irəli sürüb. Rəsmi Vaşinqton Zəngəzur dəhlizinin idarəsini neytral kommersiya operatoru vasitəsilə üzərinə götürmək niyyətindədir. Bu təklif tərəflər arasında gərgin müzakirə olunan 32 kilometrlik marşrutun gələcəyinə aydınlıq gətirəcək. ABŞ səfiri Tom Barakın sözlərinə görə, təşəbbüs sülh sazişinin imzalanması prosesinə ciddi təkan verəcək.
Politoloq Əlimusa İbrahimov Cənubi Qafqazda baş verən son proseslər və ABŞ-ın regional siyasəti ilə bağlı Yenisabah.az-a açıqlama verib.
O, bildirib ki, ABŞ uzun müddətdir Cənubi Qafqaza daxil olmağa cəhd edirdi. Onun sözlərinə görə, bu gün dəhlizin nəzarətə götürülməsi ilə bağlı çıxış etməsi də təsadüfi deyil: pizza hut
“Əlbəttə ki, ABŞ təkcə bu gün deyil, uzun müddətdir ki, Cənubi Qafqaza daxil olmağa cəhd edirdi. Bu gün ABŞ dəhlizin nəzarətə götürülməsi ilə bağlı çıxış edir. Fasilələrlə, müxtəlif üsullarla və metodlarla Cənubi Qafqaza yaxınlaşmağa cəhd edirdi. Nəyə görə məhz bu gün bu təşəbbüslə çıxış edib? Ona görə ki, məlumdur ki, bu məsələ əsas həlledici məqamdır. Bu gün dəhlizin fəaliyyətə başlanılması söhbətini apardılar və Cənubi Qafqaz tərəfində olan mübahisələrə son verə biləcək qərarlar qəbul etdilər”, – deyə qeyd edib.
Politoloq vurğulayıb ki, ABŞ-nin bu gün bölgədə üstünlük əldə etməsinin səbəbi Rusiyanın Ukrayna müharibəsində çətin vəziyyətə düşməsi ilə bağlıdır:
“ABŞ bu gün Rusiya ilə Cənubi Qafqazda olan münaqişədə asanlıqla qalib gəlmək imkanlarına malikdir. Çünki bildiyimiz qədər Rusiya-Ukrayna müharibəsi Rusiyanı Cənubi Qafqazda siyasət yeritməkdən məhrum edib. Düşünürəm ki, eyni zamanda Ermənistan və Azərbaycanın da münasibətini nəzərə alır. ABŞ da hesab edir ki, burada olan əsas məsələ münasibətləri inkişaf etdirməkdir. Ermənistan da ilk reaksiya qəbul edilməməsi istiqamətində olsa da, Rusiyanın təzyiqindən sonra bu müqaviləni onlar qəbul edə bilərlər”.
Ekspert sonda qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsi və Ermənistanın razılığını almaq üçün ciddi təzyiqlərdən də istifadə etməkdən çəkinməyə bilər:
“ABŞ bu gün Cənubi Qafqazda fəaliyyət göstərərək Rusiyanın buradan uzaqlaşmasında ciddi şəkildə maraqlıdır. Amma bunu bəzən birbaşa addımlarla tətbiq etmir. Məhz buna görə də ABŞ bir neçə il əvvəl deyil, məhz indi fəaliyyətə başlayıb. Hesab edirəm ki, ABŞ bu layihəni Ermənistanın qəbul etməsi üçün təzyiq göstərməkdən də çəkinməyəcək”.