Son illərdə Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qoşulmuş xeyli azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə çoxsaylı məlumatlar oxuyuruq.
“Qafqazinfo” xəbər verir ki, müharibəyə könüllü və ya vətəndaşlığını daşıdığı ölkənin qanunlarının tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı bu prosesə müxtəlif təzyiq üsulları ilə cəlb edilən azərbaycanlılar – Azərbaycan vətəndaşları da çoxdur. Xüsusilə Rusiya tərəfinin qeyri-rus milliyyətindən olanların, eləcə də azərbaycanlıların əməkdaşlığa cəlb edilməsi, onları müharibəyə göndərmək məqsədilə çoxsaylı vasitələrdən istifadə edilməsi, aldadılma, şirnikləndirmə, qorxutma və digər üsullarla hərbi əməkdaşlığa razı salınmaları barədə çoxsaylı məlumatlar və şikayətlər yayılır. Bəzi hallarda rus hərbi sisteminin tələsinə düşən həmyerlilərimiz hazırlıq düşərgələrindən, paliqonlardan, hətta qaynar müharibə zonalarından əlaqə saxlayaraq kömək istəyirlər. Bir neçə gün əvvəl Rusiya ordusuna qoşulan Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyevin video yayaraq kömək istəməsi də buna nümunədir.
Azərbaycanın mövcud qanunvericiliyə görə ölkədən kənarda hərbi birləşmələrə qoşulan şəxslər bir çox hallarda muzdlu hesab olunur. Belə ki, qanunvericiliklə muzdlu dedikdə hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur. İstər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.
Cinayət Məcəlləsinin 114.1-ci maddəsi muzdluları təşkil edənlər üçün məsuliyyət nəzərdə tutur. Həmin maddənin mətni bu formadadır:
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə — 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 114.3-cü maddəsi isə konkret muzdlu üçün məsuliyyət nəzərdə tutur. Onun mətni isə belədir:
114.3 Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı — 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bütün bunların fonunda Rusiya tərəfindən hərbi əməliyyatlara müxtəlif yollarla cəlb edilən, əsasən hərbi savadı və vərdişləri olmayan insanların cənazələri ölkəmizin demək olar ki, əksər bölgələrinə gəlməkdə davam edir. Bilavasitə hiss olunur ki, Rusiyada vətəndaşlarımızın vəziyyətindən istifadə edərək müxtəlif yollarla onları hərbi əməliyyatlara cəlb edirlər. Bəzi hallarda onlar Ukrayna ərazisində məxfi əməliyyatlara və diversiyalara da daxil edilirlər. Ailə üzvlərinin də müxtəlif dövlət qurumlarına və mediaya çoxsaylı şikayət və müraciətləri sübut edir ki, onların yaxınlarına, övladlarına Rusiyada təzyiqlər edilir, müharibəyə cəlb etmək istəyirlər, deportasiya ilə hədələyirlər.
Bu günlərdə Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən keçirilən tədbirlərlə keçmiş vaqnerçilərin həbs olunması da həmyerlilərimizin qeyd edilən məsələlərdə diqqətli və ehtiyatlı olmasının vacibliyini yenidən gündəmə gətirir. Xarici ölkədə muzdlu kimi döyüşməyə görə qanunlarımızda kifayət qədər sərt cəza nəzərdə tutulub və bu barədə yuxarıda qeyd edilib. Bir vaxtlar Əfqanıstanda, Suriyada müəyyən maraqlar müqabilində döyüşdüklərinə görə məsuliyyətə cəlb edilən və hazırda həbsdə saxlanılan şəxslər kimi Ukrayna ərazisində də döyüşən azərbaycanlılar bunu nəzərə almalıdılar.
Rusiyada belə təzyiqlərə məruz qalan Azərbaycan vətəndaşları üzləşdikləri neqativ hallarla bağlı mütləq aidiyyəti qurumlara müraciət etməli, həmin ölkədə fəaliyyət göstərən səfirliyimizə üz tutmalıdırlar. Eyni zamanda media kanalları, sosial şəbəkələr vasitəsilə də bu kimi problemlər işıqlandırılmalı, onların ictimailəşməsinə köməklik göstərilməldir.