Naxçıvan şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva onu tənqid edən şəxsi “məni ölümlə hədələyib” iddiası ilə cinayət məsuliyyətinə cəlb etdirmək istəyir. O, bununla bağlı Naxçıvan şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.
Bu barədə “Gündəlik Naxçıvan”a şikayət olunan şəxs Əliağa Xələfli məlumat verib.
Əliağa Xələfli ədalətsiz qərarlarına görə hakim Gülsüm Əliyevanı tənqid edən çıxışları ilə tanınır. O, son çıxışında iddia edib ki, hakim yoxlama apardığı zaman səlahiyyətli nümayəndəsi olduğu Naxçıvan şəhər sakininin evindən qızıllar oğurlanıb.
Xələfli bildirib ki, bu oğurluq hadisəsi ilə bağlı polisə müraciət edib və cinayət işinin başlanılması üçün Gülsüm Əliyevanın hakimlik toxunulmazlığının qaldırılmasını tələb edib. Bununla bağlı araşdırmanın davam etdiyi bildirilir.
Əliağa Xələfli bildirir ki, hakim Gülsüm Əliyeva prokurorluğa şikayət etməklə ondan qisas almağa çalışır:
“Mən onu ölümlə heç vaxt hədələməmişəm. O, bu yolla mənə təzyiq edib, ondan əl çəkməyimi, şikayətlərimi geri götürməyimi istəyir. Mən isə geri çəkilməyəcəyəm. O, səlahiyyətli nümayəndə olduğum işlərdə ədalətsiz qərarlar verib, günahkar tərəfi açıq-aşkar müdafiə edib. Müdafiə etdiyim şəxsin evindən qızıl oğurlanmasında da onun əli var. Bütün bunlara görə cavab verəcək. Ondan əl çəkən deyiləm.”









