Xətdə hələ də köhnə avtobusların qalması nəqliyyat sisteminin keyfiyyətinə və sərnişin rahatlığına mənfi təsir göstərir. Natəmiz salonu, qırıq qapıları və tez-tez texniki nasazlıqlarla üzləşən bu avtobuslar ekoloji baxımdan da müasir standartlara cavab vermir. Köhnə və baxımsız avtobuslar şəhərin görünüşünə də uyğun gəlmir.
Məhz buna görə də bu cür avtobusların yenilənməsi vacib sayılır və adətən müsabiqə yolu ilə daha müasir, təmiz və texniki cəhətdən saz nəqliyyat vasitələri ilə əvəz olunması nəzərdə tutulur.
Müsabiqədə qalib gələn şirkət həmin xətt üzrə fəaliyyət göstərmək hüququ əldə edir və daha müasir, rahat və təhlükəsiz avtobuslarla sərnişin daşınmasını təmin etməlidir.
195 və 161 nömrəli avtobuslar da belə problemlərlə üzləşən marşrutlardandır.
Ötən il Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bəzi şəhərətrafı marşrutların müsabiqəyə çıxarıldığı açıqlandı.
Onların sırasında Binə-Ələt istiqamətində hərəkət edən 195 və Hövsan-Suraxanı istiqamətinə hərəkət edən 161 nömrəli marşrutlar da var idi. Ancaq hələ də bu avtobuslarla bağlı yenilik yoxdur. İllərdir sərnişinləri narahat edən bu məsələ yenidən aktuallaşıb. Sözügedən avtobuslardan mütəmadi istifadə edən sərnişinlər artıq eyni problemdən təngə gəliblər.
Rəsmi qurum isə hər dəfə eyni vədi verməkdə davam edir...
Məsələ ilə bağlı növbəti dəfə AYNA-ya müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, 195 nömrəli marşrut daşıyıcı şirkətlərin marağında deyil:
"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
195 nömrəli marşrut ötən il müsabiqəyə təqdim edilib, lakin daşıyıcılar tərəfindən maraq olmadığı üçün yeni daşıyıcı müəyyən olunmayıb. Marşrut xətti bu yaxınlarda yenidən müsabiqəyə çıxarılıb", - deyə açıqlamada qeyd edilib.
161 nömrəli avtobusa gəlincə isə, AYNA -dan qeyd olunub ki, yeni daşıyıcının müəyyən olunması məqsədilə 161 nömrəli marşut da müsabiqəyə təqdim edilib.
"Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək".









