- Bağırsaq əməliyyatından sonra yaşamını itirən Vüsal Kazımovun yaxınları cərrah Kənan Yusifzadəni suçlayırlar.
- Ölən xəstənin atası Mikayıl Kazımov oğlunun əməliyyat olunduğu “Leyla Medical Center”ə qarşı məhkəmədə iddia qaldırıb.
- Klinikada 15 min manat xərci çıxdığını deyən ata həm bu məbləği geri istəyib, həm də ona dəymiş mənəvi ziyana görə 150 min manat təzminat tələb edib.
Bağırsaq əməliyyatından sonra yaşamını itirən Vüsal Kazımovun yaxınları cərrah Kənan Yusifzadəni suçlayırlar. Deyirlər ki, tibb elmlər doktoru, əməkdar həkim K.Yusifzadə əməliyyatdan sonra xəstənin durumuyla maraqlanmayıb, yardım istəyəndə də kobud cavab verib. Ekspertiza rəyində də cərrahiyyə əməliyyatının sonrasında xəstəyə gərəkən nəzarətin olmadığı, təyinata uyğun müalicə aparılmadığı vurğulanıb.
Ölən xəstənin atası Mikayıl Kazımov oğlunun əməliyyat olunduğu “Leyla Medical Center”ə qarşı məhkəmədə iddia qaldırıb. Klinikada əməliyyatlara və digər tibbi prosedurlara 15 min manat xərci çıxdığını deyən ata həm bu məbləği geri istəyib, həm də ona dəymiş mənəvi ziyana görə 150 min manat təzminat tələb edib.
“Çağırdığımız təcili yardımın həkimi də onun davranışından əsəbləşdi”
Oğlunun həkim biganəliyinin qurbanı olduğunu söyləyən M.Kazımov bildirib ki, onu bağırsaq keçməzliyi diaqnozu ilə cərrah K.Yusifzadənin yanına aparıblar. Bu həkim iki ay ərzində onu iki dəfə əməliyyat edib. İlk əməliyyatdan sonra bağırsaq dışarı çıxarılıb:
“Bizə dedi ki, iki aydan sonra gəlin, bağırsağın birləşdirilməsi əməliyyatını icra edəcəyəm. Bu iki ay ərzində oğlum çox zəifləmişdi. İkinci əməliyyatdan sonra lap pis oldu. Bizə demişdi ki, “10 gün sonra gələrsiniz, tikişləri sökərik”. 10 gün sonra getdik, Kənan Yusifzadə soruşmadı ki Vüsal Kazımov vəziyyəti necədir, özünü necə hiss edir, dedi ki, “zəng etməmiş niyə gəlmisiniz?” Bu qədər soyuqqanlı, bu qədər biganə...”.
M.Kazımov deyir ki, günü-gündən oğlunun durumu ağırlaşsa da, həkimlə heç cür əlaqə saxlaya bilmirdilər. Onun sözlərinə görə, həkim ya telefon zənglərinə cavab vermir, ya da onlarla kobud danışırdı: “Deyirdi ki, mən işimi görmüşəm, narahat eləməyin. Hətta bir dəfə çağırdığımız təcili yardımın həkimi də onun bu cür davranışından əsəbləşdi. Özü alıb zəng elədi ona...”.
“Xəstəliyin dinamikası nəzarətdə saxlanıla bilərdi...”
M.Kazımov öncə həkimin cəzalandırılmasından ötrü hüquq-mühafizə orqanlarına üz tutsa da, Xətai Rayon Prokurorluğu belə nəticəyə gəlib ki, cinayət tərkibi yoxdur. Beləcə, cinayət işi başlanması tələbi rədd edilib.
Ekspertlərin rəyinə görə V.Kazımova diaqnozlar düzgün qoyulub. Aparılmış hər iki cərrahiyyə əməliyyatları da təyin edilmiş diaqnoza uyğun olub. Ancaq ikinci əməliyyatdan sonra ona gərəkən dərəcədə baxım və müalicə olmayıb.
“İkinci cərrahiyyə əməliyyatından sonra xəstəyə nəzarət daha səmərəli aparıla, yəni lazım gəldikdə təkrar baxış keçirilə və ambulator təyinata əlavələr edilə bilərdi. Müalicə müddəti ərzində ona təyinatauyğun müalicələr aparıla bilərdi. İkinci cərrahiyyə əməliyyatından sonra xəstəliyin dinamikası nəzarət altında saxlanıla və müalicə effektliliyi proqnozlaşdırıla bilərdi. Belə ki, ambulator dispanserizasiya xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsinə və sonrakı tibbi tədbirlərin yönəldilməsinə müsbət təsir göstərə bilərdi”, - ekspertlər bu nəticəyə gəliblər.
“Leyla Medical Center” təzminat ödəməlidir
“Leyla Medical Center” məhkəmə qərarıyla zərərçəkmiş ailəyə 25 min manat təzminat ödəməlidir. Qərardan narazı qalan klinika şikayət verib. Bu tibb mərkəzinin nümayəndəsi iddia edir ki, işlə bağlı sübutlar düzgün qiymətləndirilməyib. Nümayəndə vurğulayıb ki, cərrahın əməlinin mənəvi zərərə gətirib çıxarması haqda məhkəmənin gəldiyi qənaət yanlışdır:
“Hakim qərarını əsaslandırarkən qeyd edir ki, ikinci əməliyyatdan sonra cərrah xəstəyə nəzarəti lazımi şəkildə həyata keçirməyib. Lakin cərrahın hansı məcburi davranış qaydasını, kliniki protokolu pozduğu əsaslandırılmayıb”.
Nümayəndə onu da vurğulayıb ki, V.Kazımovun ölümünə görə “Leyla Medical Center”in üzərinə təzminat öhdəliyi qoyulması qərəzli qərardır.
Bugünlərdə apellyasiya məhkəməsi klinikanın şikayətinə baxsa da, sonuc dəyişməyib və 25 min manatlıq təzminat qərarı qüvvədə qalıb.