Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında bildirib ki, dəhlizdən silah nəqli də mümkündür. O vurğulayıb ki, Bakı ilə qarşılıqlı razılıq əsasında istənilən layihə mümkündür.
“Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsi üzrə bütün əməliyyatlar ölkələr arasında qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək. Eyni zamanda bu marşrut üzrə silah-sursat nəqlindən də söhbət gedə bilər. Bu şərt hər iki ölkəyə aiddir. Biz qərara gəlsək ki, silahı Naxçıvandan Mehriyə və əks istiqamətdə daşımaq istəyirik, bu mövzuda danışıqlara başlayacağıq", - baş nazir qeyd edib.
Belə məlum olur ki, Naxçıvanda yerləşən ordu birləşmələrimizi silah-sursatla təmin etməkdən ötrü Gürcüstan, Türkiyə üzərindən uzun yol qət etməyə ehtiyac olmayacaq. Əslində bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanı faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır.
Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə, Çin, Rusiya, eləcə də Qərb və ərəb dövlətləri qazanacaq. Dünyanın yanaşması onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi regionun taleyini dəyişdirəcək strateji bir vasitəyə çevrilib. Dəhlizin təyinatı fiziki yolları birləşdirməklə bitmir. Eyni zamanda siyasi, iqtisadi və mədəni yolları da birləşdirəcək. Təbii ki, dəhlizin coğrafiyası Azərbaycan üçün daha əhəmiyyətlidir. Bu layihə bütöv Türk dünyası ilə kəsişmə nöqtəsidir.
Dəhliz Ermənistanın iqtisadi təcridini qıra bilər. Analitiklərə görə, dəhlizə qarşı çıxmaq bütöv regionla düşmənçilik etməkdir. Zəngəzur dəhlizi günümüzdə geosiyasi müstəvidə sülhün, tərəqqinin simvoluna çevrilməkdədir. Paşinyan iqtidarı da bilir ki, bu dəhliz Ermənistan üçün də tarixi fürsətdir. Amma dəhlizdən silah daşınması nəzərdə tutula bilərmi və bu, nə dərəcədə zəruridir?
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, yeni reallıqda Azərbaycanın irəli sürdüyü dəhliz ideyası bu gün reallığa çevrilməkdədir: “Amma Azərbaycanın nəzərdə tutduğu dəhliz ideyası həm də bir sülh ideyasıdır. Ona görə də Zəngəzur dəhlizinin birinci funksiyası regiona sülh gətirmək olmalıdır. Sülh də iqtisadi rifahla, qarşılıqlı inteqrasiya ilə, etimadla gəlir və regional əməkdaşlığın daha da genişləndirilməsi ilə gəlir. Bu, Zəngəzur dəhlizinin birinci funksiyası, birinci fəlsəfəsi olmalıdır. Ancaq hazırkı tarixi mərhələdə hər bir ölkənin təhlükəsizliyinin əsas komponentlərindən biri həm də hərbi təhlükəsizlikdir. Hərbi təhlükəsizliyin təmin olunması üçün də ordunun mövcud olmasına ehtiyac var. Belə olan halda razılaşdırılmış kvota və layihələr çərçivəsində təhlükəsizliyimizi təhdid etməyən silahların Zəngəzur dəhlizindən daşınması mümkün ola bilər. Yaxud dəhlizdən istifadə edən ölkələrin bir-biri ilə hərbi sənaye məhsullarının alqı-satqısı prosesində də bu mümkün görünə bilər. Eyni zamanda əlbəttə ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinə də müəyyən hərbi təyinatlı yüklərin daşınması mümkün olar. Bu məsələlər barədə danışmaq bəlkə də bir qədər tezdir. Nikol Paşinyanın açıqlaması Zəngəzur dəhlizinin sülh və əməkdaşlıq fəlsəfəsi ilə o qədər də ayaqlaşmayan bir açıqlamadır. Lakin görünür, Ermənistan cəmiyyətinin belə bir açıqlamaya ehtiyacı olduğu üçün baş nazir Paşinyan bu şəkildə bir açıqlama vermək zərurəti hiss edib”.
Milli Məclisin deputatı Arzuxan Əlizadə isə bildirdi ki, Nikol Paşinyan son dövrlər xüsusilə ilginc açıqlamalarla gündəmə gəlir: “Şərti olaraq Zəngəzur dəhlizi adlandırdığımız kommunikasiya qovşağının açılması və bununla əlaqədar verdiyi açıqlamalar daha çox diqqət çəkir. Paşinyanın Zəngəzur yolu açılandan sonra Azərbaycana qarşılıqlı razılaşma əsasında buradan Naxçıvana silah-sursat daşına biləcəyini bəyan etməsi isə yeni fikirdir. Məlumdur ki, Naxçıvanda Azərbaycan ordu birləşmələri, hərbi hissələrimiz təbii olaraq mövcuddur. Onların silah-sursatla və ümumiyyətlə, təchizatı məsələlərinin həlli bir çox hallarda Türkiyə üzərindən, Gürcüstan üzərindən, bəzən İran üzərindən də daşınma ilə həll edilib. Zəngəzurdan kommunikasiya qovşağının açılacağı təqdirdə təbii ki, maneəsiz gəliş-gediş imkanları da əldə edilmiş olacaq. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana daşınacaq yüklər içərisində silah-sursatın da olacağı ehtimalı var. Paşinyan yəqin ki, bunu demək istəyib. Hesab edirəm ki, doğru yanaşmadır. Çünki həmin kommunikasiya qovşağından Naxçıvana maneəsiz gediş-gəliş imkanları əldə ediləcəksə, bu, həm də o deməkdir ki, Naxçıvanda yerləşən hərbi hissələrimiz bu kommunikasiya qovşağı ilə təmin edilə bilər. Burada qeyri-adi bir şey yoxdur”.