“Bu bir az populist yanaşmadır. Doğrudan da, iş tapmaq çətin deyil. Amma söhbət o işin keyfiyyətindən və ödənişin həcmindən gedir axı. Biz də küçədə gedəndə görürük ki, xadimə, qabyuyan tələb olunur. Lakin Azərbaycanda universitetləri bitirən insanlar var ki, onlar daha yüksək əməkhaqqı və daha yaxşı həyat üçün oxuyub, diplom alıblar. Onlar gedib 300-400 manatlıq işdə işləmək istəmirlər. Yəni haradasa boş iş yerləri var, amma insanlar işləmir demək doğru deyil. Mütəxəssislər öz ixtisasları üzrə işlə təmin olunurmu, əsas sual budur. Burada ciddi problemlər var”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, insanlara balıq yox, tilov vermək lazımdır:
“Mənim şəxsən mövqeyim belə olub ki, insanlara balıq yox, tilov vermək lazımdır. Əgər balıq, yəni sosial yardımlar problemə çevrilirsə, onda tilov vermək lazımdır ki, insanlar gedib özləri balıq tutsun. Yəni özləri pul qazansınlar.
Onda sual yaranır ki, Azərbaycanda ələbaxımlıqlıq nə üçün önə çıxır? İnsanlar niyə iş qurmaq, bizneslə məşğul olmaq istəmirlər? Deməli burada da hökumət düşünməlidir ki, kiçik və orta sahibkarlıqla bağlı problemlər var ki, insanlar bu yöndə addım atmaq istəmir. Heç kim sosial müavinətlə yaşamaq istəməz. Kim istəyər ki, ayda 300-500 manatla yaşasın? Hamı istəyər ki, çox pul qazansın. Bu dünyanın hər bir yerində insan təbiətinə xas bir xüsusiyyətdir”.
Natiq Cəfərli vurğulayıb ki, hökumət elə bir şərait yaratmalıdır ki, insanlar doğrudan da öz işini qurmağa çalışsın:
“İlk baxışdan görünür ki, müxtəlif işlər var. Xadimə, mühafizəçi yaxud müxtəlif xidmət sektorlarında işlər mövcuddur. Amma o işlərdən alınan maaşlar vətəndaşın dolanması üçün yetərlidirmi, əsas sual budur. Bu sualın cavabı isə hökumətdən asılıdır.
Hökumət elə bir şərait yaratmalıdır ki, insanlar doğrudan da öz işini qurmağa çalışsın. Azərbaycanda bir neçə il bundan öncə tələbələr arasında sorğu keçirilmişdi. Bu çox vacib bir məsələdir. Azərbaycan tələbələrinin 80 faizdən yuxarısı dövlət sektorunda işləmək istəyirdi. Niyə? Çünki onlar gəlirli və qazanclı işin orada olduğunu düşünürlər. Məsələnin kökü budur. Amma inkişaf etmiş ölkələrdə tələbələrin cəmi 8-9 faizi dövlət sektorunda işləmək istəyir. Yerdə qalanlar isə öz işini qurmaq yaxud özəl şirkətlərdə çalışmaq istəyir. Bu məsələnin kökləri araşdırılıb, səbəblərinin aradan qaldırılması daha doğru olar”.
Qeyd edək ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov yerli KİV-lərin birinə verdiyi açıqlamada bildirib ki, insanların heç də hamısı işləmək istəmir. Millət vəkili Qarabağa qayıdan vətəndaşların məşğulluqla bağlı problemlərini əsas göstərək deyib ki, vətəndaşlar özləri işləməyə maraqlı olmalıdır və müavinətlər, güzəştlər insanları daha çox ələbaxımlılığa öyrədir. Parlement üzvünün bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.