Ağdamın Xıdırlı kəndində yağışdan sonra baş verən fəsadlar onu göstərdi ki, yenə ölkə rəhbərliyinin etimadına xəyanət var. Bəli, mən bunu belə adlandırıram! Tikintiyə məsul olan şəxslər insanların ümidini qırırlar. Görünən odur ki, təcrübəsiz bir dəstə tenderin qalibi olub və işin öhdəsindən bu səviyyədə gəliblər. Tikinti olan ərazidə əvvəlcə yol strukturu nəzərə alınmalıdır. Yağış sularının hara gedəcəyini fikirləşməliydirlər. Kor olmalısan ki, bu işdə böyük yeyinti olduğunu görməyəsən. Vicdanla iş görülsə, vallah-billah xırımxırdadan yenə hamınıza yetərincə nəsə qalacaq…”.
Bu sözlər Ağdamın Xıdırlı qəsəbəsinin sakinlərindən birinin fb statusundandır.
Artıq neçə gündür ki, adi bir yağışdan sonra qəsəbənin istinad divarının uçması, qəsəbənin daxilini sel sularının yuyub aparması və s. barədə videolar paylaşılır…
Bəs bu qədər məsuliyyətli bir işin altına çiyin vermiş tikinti şirkəti barədə nələri bilirik?
***
“Təzadlar”ın araşdırması: məlum olur ki, bu qəsəbənin tikinti tenderini udan və bu işləri görən “TVM İnşaat” MMC-dir. Şirkətin saytı işləmir, amma özü haqqında belə bir dəbdəbəli təqdimatı var: “Fəaliyyətə başladığı gündən etibarən, bir ölkənin inkişafı üçün sadəcə iqtisadiyyatla bağlı atılan addımların klfayət qədər olmadığına inanan “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirilən iqtisadi layihələrin bəşəriyyətin mədəniyyət toplusuna və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan onu dəstəkləməsə lazımi şəkildə reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, öhdəsinə götürdüyü missiyanı dünən olduğu kimi bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycanı Azərbaycan edən mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul etməkdədir”.
Necə? “TVM İnşaat” MMC Azərbaycanı Azərbaycan edən mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul etməkdədir? Xıdırlıdakı kimi???
***
Bəs bu şirkətin rəhbəri-təsisçisi kimdir? Budur, “Təzadlar” araşdırdı ki: Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpas, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs 8 oktyabr 2024-cü ilin yanvarında tərəflər arasında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi də həyata keçirilib. Həmin razılaşmaya əsasən Xidmət “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib. Nəzərinizə çatdıraq ki, nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin bir hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur. Başqa bir internet resurslarında isə MMC-nin hüquqi ünvanı belədir: “Bakı ş., Nəsimi ray., Azadlıq pr., 77B. Phone number 050 827 24 86″.
Amma bu telefona zəng çatmır.
Əcəb işdir, Nizamnamə kapitalı 10 manat, iş təcrübəsi 10 qəpiklik olan MMC-nin Prezidentin diqqətində olan bir tikinti sahəsində-Xıdırlıda bu gördüyü işin kimin ayağına yazaq???
Yəqinki Baş Prokurorluq bu şirkətin Xıdırlı fəaliyyətindəki korrupsiyanı diqqətlə araşdıracaq, Musa Ağayev məsuliyyətə cəlb ediləcək.
“Təzadlar”