Son illərdə Azərbaycan-İran münasibətlərində gərginlik səngiyib. Cənub qonşumuzun, nəhayət, ölkəmizlə bağlı tutduğu mövqeyin səhv olduğunu anladığı açıq görünməkdədir.
Əslində bu proses ötən ilin iyulundan başlayıb. Həmin ayın əvvəllərində keçirilən prezident seçkisində azərbaycanlı Məsud Pezeşkian qalib gələrək, 9-cu İran prezidenti oldu. Bunun ardınca həmin ay Azərbaycan İranın davranışlarındakı yumşalmaya qarşılıq verərək, hələ 2023-cü ilin yanvarında Tehrandakı səfirliyimizə edilən terror hücumu səbəbindən fəaliyyətini dayandırdığı səfirliyinin fəaliyyətini bərpa etdi. Bu ilin mayında isə Tehrandakı səfirliyimizə hücum edən terrorçunu İran tərəfi edam etdi. Halbuki edamın icrasından iki ildən artıq müddətdə yayınırdı. Həmçinin bu ilin aprel və iyul aylarında Pezeşkianın iki dəfə ölkəmizə səfəri baş tutdu. Həmçinin cari ilin mayında Təbrizin “Traktor” futbol klubu tarixdə ilk dəfə İran çempionu oldu. Bu da sıradan bir hadisə deyildi...
Bütün bu addımlar Azərbaycan-İran münasibətlərində tərəflərin yaxın münasibətləri bərpa etməkdə maraqlı olduğunu göstərir. Əslində Azərbaycan tərəfi qonşuları ilə daim mehriban münasibətlər qurmaqda maraqlıdır. Bunu da hər zaman büruzə verib. Sadəcə, qonşular qonşuluq münasibətində kaş Azərbaycan kimi sadiq olsalar...
Son olaraq, İranın Özəl Sektor Nümayəndələr Palatasının vitse-prezidenti Hüseyn Pirmuzan İran və Azərbaycan arasında müştərək logistika bazası və sənaye kəndi yaratmaqla bağlı planları açıqlayıb.
Eyni zamanda bu həftə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclası keçiriləcək.
Bütün bu yaşanan gəlişmələrin fövqündə bir detal diqqəti çəkməyə bilmir. Bu da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlıdır. SEPAH İranın Azərbaycana münasibətdə son dərəcə radikal mövqedə dayanan hərbi-siyasi qurumudur. Demək olar ki, hər addımbaşı ölkəmizi hədələyir, anti-Azərbaycan kampaniyası aparır. SEPAH-a bağlı media ölkəmizə qarşı, ərazi bütövlüyü və suverenliyimizə qarşı şər-böhtan xarakterli materiallar, o cümlədən videosüjetlər tirajlayır. Qarayaxma kampaniyası bu gün də davam edir.
Cənub qonşumuzdakı Azərbaycanla bağlı ikitirəliyin səbəbi nədir?
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında Azərbaycan-İran münasibətlərindəki dostluq əlaqələrindən söz açdı: “Dövlətlərarası münasibətlərdə rəsmi hakimiyyətin mövqeyi əsas götürülür. Bu gün İran Prezidenti və onun administrasiyası Azərbaycanla əlaqələrin daha da yüksəldilməsi istiqamətində müvafiq addımlar atır. Bu addımlar da Bakı tərəfindən razılıqla qarşılanır. Azərbaycan da İrana qarşı dost münasibətləri daim sərgiləyir. Baxmayaraq ki, ayrı-ayrı vaxtlarda bəzən Azərbaycana qarşı başqa münasibət olub, amma yenə də biz İranla münasibətləri, xüsusilə, dost münasibətlərini önəmli hesab etmişik. İran cəmiyyətində rəsmi hakimiyyətdən fərqli mövqe bildirilə bilər. Bizim üçün əsas olan rəsmi hakimiyyətin münasibətidir. Qoy İranın administrasiyasının özü həmin dairələrə münasibət bildirsin. Bu gün siyasi münasibətlərimiz yüksək səviyyədədir. Ticarət-iqtisadi əlaqələrimiz yetəri durumdadır. Xüsusilə sərhədyani ticarət məsələsinin günü-gündən daha da dərinləşməsi üçün işlər aparılır. Səfirliyimizin yenidən fəaliyyət göstərməsi çox mühüm qərar oldu. İran tərəfi də tam zəmanət verdi. Azərbaycana qarşı terror aktı həyata keçirmiş şəxsin edam edilməsindən sonra münasibətlərdə müsbətə doğru daha bir addım atılmış oldu. Hər iki tərəf mehriban qonşuluq münasibətlərində maraqlı olduqlarını dəfələrlə bildiriblər. Ancaq bu istiqamətdə daha çox işləmək lazımdır. Azərbaycan öz tərəfindən bu istiqamətdə hər zaman etibarlı tərəf kimi özünü sübut edib. Bundan sonra da belə olacaq. İran tərəfindən də dostluq münasibətinin əbədi olacağına inanırıq”.
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə məsələni bu cür izah etdi: “Azərbaycan-İran əlaqələri heç vaxt hamar olmayıb. Tehranın sərgilədiyi qeyri-dost mövqeyi ucbatından iki qonşu dövlət arasında münasibətlər hətta qopma nöqtəsinədək gəldi. Ancaq Pezeşkianın prezident seçilməsindən sonra İranın Azərbaycana qarşı mövqeyində iki ayrı-ayrı xətt özünü büruzə verir. Bir xətt yeni prezidentin konstruktiv və pozitiv xətti, digəri isə ali dini liderin rəhbərlik etdiyi mühafizəkar və qatı millətçi qanadın ənənəvi düşmənçilik ruhuna köklənmiş şovinist xətt. İkincilər İranın beynəlxalq izolyasiyasına və faktiki təklənməsinə səbəb olub. SEPAH də məhz ayətullaların birbaşa nəzarətində olan elit hərbi qüvvə hesab olunur. Biz həmin silahlı qüvvələrin yüksək rütbəli şəxslərinin də, dini liderə bağlı medianın da Azərbaycana yönəlik təxribatçı və qərəzli, hədələyici fikirlərinin mütəmadi şahidi olmuşuq. Lakin bunların heç biri əhəmiyyət kəsb etməsə də, Azərbaycan cəmiyyətində etiraz və hiddətlə qarşılanıb. İran tədricən çıxmağın yollarını axtarır. Bu imkanlardan biri də məhz Azərbaycan üzərindən açılımdır. Münasibətlərin indiki səviyyəsinə baxsaq hər iki ölkə arasında quru sərhədlərin ciddi sərhəd buraxılış nəzarəti altında açılması pis olmazdı. Nəzərə alsaq ki, Azərbaycanla İran arasında geniş ticari əlaqələr var və xüsusən də İranla sərhəd bölgələrinin əhalisi Arazın o tayı ilə alış-veriş etməklə məişət və sosial durumlarını yüngülləşdirməyə çalışırdı. Bu qarşılıqlı ticarət o tayda yaşayan soydaşlarımız üçün də bir fürsətə çevrilirdi. Üstəlik də qohumluq əlaqələri, qarşılıqlı ziyarətlər soydaşlarımızın inteqrasiyasında mühüm rol oynayır. Ancaq zənn etmirəm ki, Azərbaycan quru sərhədlərini açmağa hazırdır. Əvvəl bu, koronavirus pandemiyası ilə izah olunurdusa, indi təhlükəsizliyin qorunmasına bağlanılır. Lakin hökumətin bu arqumentini əsaslı hesab etmirəm. Çünki bu ölkənin təhlükəsizlik və xüsusi xidmət orqanlarının yüksək peşəkarlığına güvənim tamdır və lazımi qaydada istənilən təhdidləri aradan qaldırmağa qadirdir. Bundan öncə də quru sərhədlərin açılması, dəmir yol nəqliyyatının bərpa olunması haqqında Gürcüstan hökuməti ilə analoji danışıqlar aparılıb və prinsipial olaraq da razılıq əldə edilib. Göründüyü kimi, Bakı quru sərhədlərini açmadı. İranın istəyinə də müsbət cavab veriləcəyini düşünmürəm”.