Hər il olduğu kimi, bu il də ixtisas seçimi nəticələri açıqlanandan sonra tələbələr üçün əsas qayğı yaşayış məsələsidir. Minlərlə gənc böyük ümidlərlə universitetə qəbul olsa da, qalacaq yer tapmaq problemi bir çoxları üçün təhsildən daha ağır stressə çevrilir. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələr üçün yataqxana və münasib qiymətə kirayə ev tapmaq getdikcə çətinləşir.
Mövzu ilə bağlı Referans-a danışan universitet nümayəndələri və ekspertlər müxtəlif ali təhsil ocaqlarının yataqxana vəziyyəti ilə bağlı fərqli mənzərə ortaya qoyur.
ADNSU: “Təmirə ehtiyac var, amma qərar hələ verilməyib”
ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Hadıyev bildirib ki, universitetin hazırda istifadəsində olan yataqxana bir neçə korpusdan ibarət köhnə binadır və şəraiti müasir tələblərə cavab vermir. "Əvvəlki illərlə müqayisədə xüsusi bir dəyişiklik yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulur. Hazırda bu istiqamətdə konkret qərar verilməyib. Nə zaman yenilik olsa, məlumat verəcəyik," – deyə o bildirib.
Elnur Hadıyev onu da deyib ki, yataqxana 320 nəfərlikdir. Burada yerli və əcnəbi tələbələr qalır, əcnəbi tələbələrin sayı üstünlük təşkil edir. Otaqlar 2 və 3 nəfərlikdir və qiymət otağa görə deyil, adambaşına hesablanır: – 2 nəfər qalarsa, hər biri 50 manat – 3 nəfər qalarsa, hər biri 34 manat ödəyir.
Sosial həssas tələbələr üçün geniş imkanlar
BDU-nun Mətbuat Xidmətindən Kəmalə Quliyeva bildirib ki, universitetin Tələbə Evində tələbələr üçün geniş və müasir imkanlar yaradılıb. "Tələbə Evində çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və digər zəruri şərait mövcuddur. Əsasən şəhid və qazi övladları, valideynlərini itirmiş gənclər və sosial həssas qrupa aid ailələrin övladları qəbul olunur. Aylıq ödəniş 75 manatdır."
O həmçinin qeyd edib ki, yeni yataqxananın tikintisi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr aparılır.
“Yataqxana yoxdur, bina illərdir məcburi köçkünlərin istifadəsindədir”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mətbuat Xidmətindən Şəhanə Müşfiq isə daha fərqli və düşündürücü bir reallığı bölüşüb: "ADMİU-nun yataqxanası yoxdur. Uzun illərdir ki, həmin bina məcburi köçkünlər tərəfindən istifadə olunur. Hazırda tələbələr üçün ayrıca yataqxana təminatı mövcud deyil." Bu isə o deməkdir ki, onlarla tələbə təhsilini davam etdirmək üçün ya kirayə ev tapmalı, ya da paytaxtda qohum yanında qalmağa məcbur qalır. “Universium”: Müasir, amma ödənişlidir.
Bəzi hallarda media və ictimaiyyət arasında Azİİ yataqxanası kimi tanınan “Universium” yataqxanası əslində bir neçə universitetin tələbələrinə xidmət göstərən özəl yataqxanadır. Burada şərait daha yüksək səviyyədədir: sanitar qovşaqlar, internet, təhlükəsizlik, mətbəx və digər imkanlar tələbələrin istifadəsinə verilib. Lakin qiymət rəsmi yataqxanalardan fərqli olaraq ödənişlidir və bu da hər tələbə üçün əlçatan deyil.
Kirayə evlər
Qiymətlər qalxıb, keyfiyyət isə yerində sayır. Yataqxanada yer tapa bilməyən tələbələr kirayə mənzillərə yönəlir, lakin Bakıda kirayə qiymətləri ötən illərlə müqayisədə daha da artıb. Hal-hazırda paytaxtda ən ucuz 1 otaqlı mənzillərin qiyməti 350-400 manatdan başlayır. Bu səbəbdən bir neçə tələbə birləşərək eyni evdə yaşamağa üstünlük verir. Lakin bu da bəzən yaşayış şəraitində narahatlıqlara və sosial risklərə səbəb olur.
Nəticə olaraq Təhsil üçün gəlib yaşayışda ilişib qalan tələbələr Tələbə yataqxanalarının vəziyyəti bir çox universitetdə təhsilin keyfiyyətindən çox, yaşamağın qayğısını çəkməyə məcbur edir. Köhnə binalar, məhdud yerlər, təmirsiz otaqlar və sosial qruplara prioritet verilməsi nəticəsində yüzlərlə tələbə özünə nə yataqxana, nə də münasib kirayə evi tapa bilir.
Mütəxəssislər hesab edir ki, tələbə şəhərciklərinin inşası, dövlət dəstəyi ilə yeni yataqxanaların tikilməsi, kirayə bazarına nəzarət mexanizmlərinin tətbiqi bu sahədə real dəyişikliklərə səbəb ola bilər. Əks halda, təhsil almaq istəyən tələbə üçün qalacaq yer tapmaq elə imtahandan sonra ikinci böyük sınağa çevriləcək.