Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropolda Azərbaycan vətəndaşını saxlayıb. Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Stavropol diyarında Rusiya Federasiyasında qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulmuş, onun rəhbərlərinin göstərişi ilə təxribat və terror aktları törətmək üçün nəzərdə tutulmuş bir sıra obyektlərə, o cümlədən Yesentuki və Stavropol şəhərlərində hüquq-mühafizə orqanlarının inzibati binalarına və nəqliyyat vasitələrinə dair ətraflı kəşfiyyat aparan Azərbaycan vətəndaşı saxlanılıb”, - məlumatda qeyd olunub. Onun əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiyi iddia edilib.
Yada salaq ki, avqustun 21-də də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlunu Dağıstanın Azərbaycanla sərhədində yerləşən “Yaraq-Kazmalyar” avtomobil buraxılış məntəqəsində saxlayıb. O, “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək məqsədilə gəzdirməkdə” ittiham olunur. FTX-nin açıqlamasına görə, Rufullayev Yadulla sənədləri Ukraynada yaşayan və UTX agenti olan qardaşı, 1981-ci il təvəllüdlü Səbuhi Rufullayevin göstərişi ilə əldə etdiyini etiraf edib. Sənədlər və mobil telefon sonradan Ukraynaya göndərilmək üçün Kurqan vilayətində gizlədilib. Faktla bağlı Rusiyanın təhlükəsizliyinə qarşı düşmənə kömək maddəsi ilə cinayət işi açılıb. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Görünən budur ki, Azərbaycanı gah Ukraynaya hərbi yardım etməkdə ittiham edən, gah bu ölkədəki enerji obyektlərimizi bombalayan Rusiya, indi də azərbaycanlılardan “casus” düzəldir. Təbii ki, belə halların olması mümkündür. Lakin münasibətlərimizin gərgin dövründə Rusiya FTX-nın həbslərə başlaması təsadüfə oxşamır. Bu günlərdə də Rusiya teleqram kanallarından biri yalan məlumat yaymışdı. Guya Azərbaycanın MİQ-29 təyyarələri Ukraynanın istifadəsindədir.
Ümumiyyətlə, Rusiya artıq xeyli müddətdir ki, Azərbaycana qarşı qərəzli siyasət aparır, qonşuluq prinsiplərinə uyğun olmayan hərəkətlər edir. Moskvanın Azərbaycana yönəlik yanlış siyasəti, öz səhvlərindən nəticə çıxarmaması təbii ki, əlaqələrə mənfi təsir göstərir. Üstəgəl, Rusiya son günlər münasibətləri daha da gərginləşdirən və Bakının adekvat qərarlarına səbəb olacaq addımlar atır.
Azərbaycan Ukraynada müharibə başlayandan bu ölkəyə humanitar dəstək göstərir, insanların ən zəruri ehtiyaclarını qarşılamağa çalışır. Göndərilən humanitar yardımda da məhz bu detal nəzərə alınır. Bu gün Ukrayna üçün enerji təminatı da çox vacibdir. Azərbaycan ilk dəfə olaraq Ukraynaya təbii qazı tədarük etməyə başlayıb. Tədarük Trans-Balkan magistral qaz kəməri vasitəsilə həyata keçirilir. Qaz tədarükünə dair razılaşma Ukraynanın “Naftoqaz” milli neft-qaz şirkəti ilə Azərbaycanın enerji nəhəngi SOCAR-ın Ukraynadakı törəmə şirkəti “SOCAR Energy Ukraine” arasında imzalanıb. “Naftoqaz”ın idarə heyətinin sədri Sergey Koretskinin sözlərinə görə, bu addım uzunmüddətli əməkdaşlıq üçün yol açır və ölkənin enerji təhlükəsizliyi, tədarükün diversifikasiyası sistemində daha bir vacib elementdir.
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Rusiya indi də azərbaycanlıları Ukrayna “casusu” çıxarmağa başlayıb. Onun sözlərinə görə, sonuncu həbslə bağlı FTX ad-soyad belə açıqlamayıb: “Rusiyanın həbs etdiyi şəxslər onun vətəndaşı olan azərbaycanlılar da deyil. Onlar Azərbaycan vətəndaşlarıdır. Bununla Bakıda saxlanılan 13 Rusiya vətəndaşı ilə bağlı cavab verdiklərini göstərməyə çalışırlar. Amma onlar onlayn narkotik satış, kiberhücum maddələri ilə ittiham olunurlar. "Sputnik" əməkdaşları isə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, eləcə də digər maddələrlə təqsirli bilinirlər. Yəni onlara verilən ittihamlar realdır. Rusiya isə bizim vətəndaşları agent çıxarır, Ukrayna kəşfiyyatı ilə əlaqələndirir. Görünür, Moskva dozanı artırmaqda maraqlıdır. Sonra rəsmi səviyyədə bəyan edilir ki, Azərbaycanla barışığa çalışırlar. Sən bizim vətəndaşları həbs elə, sonra 13 nəfərin buraxılmasını şərt kimi irəli sür - belə anlaşma ola bilməz. Bu azmış kimi, bizi Ukraynaya silah verməkdə ittiham edirlər, enerji mərkəzlərimizi vururlar. Bu addımlar Rusiyanın barışıq niyyətindən uzaq olduğunu göstərir. Zənnimcə, Rusiyanın həbs etdiyi vətəndaşlarımızla maraqlanmaq lazımdır".
Professor hesab edir ki, Rusiya Azərbaycana hibrid savaş elan edib və bununla bağlı parlamentin müvafiq komissiyası da bəyanatla çıxış etmişdi: “Yəni bütün istiqamətlərdə hərəkətə keçiblər. Ardınca Lavrov əməkdaşlıqdan danışır, Overçuk iqtisadi əlaqələrdən bəhs edir. Əməldə isə vətəndaşlarımız həbs olunur, soydaşlarımız təzyiqlərə məruz qalır. Rusiya regionda strateji məğlubiyyətini həzm edə bilmədiyi üçün bu şantaj və təhdid siyasətinə əl atıb. Əslində Azərbaycan vətəndaşlarının belə ağır ittihamlarla saxlanılmasına görə Rusiyadan izahat istənilməlidir. Eyni zamanda Moskva bilməlidir ki, təzyiq üsulu çıxış yolu deyil. Azərbaycan doğru bildiyi yoldadır və onun çətiri altında hansısa yarımçıq sülh sazişi imzalamaq niyyətində olmayıb. Bu gün də addımlarımız yekun sülh sənədinə hesablanıb. Rusiya isə çox istərdi ki, bölgədə yarımçıq bir sülh sənədi olsun, özünün iştirakı ilə bölgədə həmişə narahatlıq doğuran proseslər cərəyan etsin. Çünki Rusiyanın Cənubi Qafqazda qalmasının başqa forması yoxdur. İndi dünya dəyişir və ənənəvi təzyiq metodları işləmir”.