Sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa planlaşdırılmamış hərbi fəaliyyətə görə "Jeşuv-Yasenka", "Lyublin" beynəlxalq hava limanlarını və Varşavanın hər iki hava limanını bağlayıb.
"Report"un xəbərinə görə, bu barədə aviasiya heyətinin (NOTAM) təcili məlumatında deyilir.
Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı X sosial şəbəkəsində hava məkanının mühafizəsini təmin etmək üçün bütün zəruri prosedurları işə saldığını bildirib.
Məlumata görə, havaya təkcə Polşa qırıcıları deyil, digər NATO ölkələrinin də təyyarələri qaldırılıb.
Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qeyd edək ki, "Jeşuv-Yasenka" hava limanı Qərbin Ukraynaya yardımının ötürülməsi üçün əsas logistika mərkəzidir.