Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yeni satınalma müqaviləsi bağlayıb.
32gun.az xəbər verir ki, agentliyin tabeliyində fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə məxsus soyuducu anbarların cari təmir xidmətləri üçün keçirilən satınalmanın qalibi fiziki şəxs Rəhim Qafil oğlu Vəliyev olub.
Rəsmi məlumatlara görə, müqavilənin dəyəri 63 min 495,8 manat təşkil edir. İşlərə mövcud soyuducu kameranın yeni ünvana daşınması üçün sökülməsi, elektrik avadanlıqları, müxtəlif diametrli mis borular, kompressorlar, qaz, filter, ventilyator, tablo və digər avadanlıqların alınaraq quraşdırılması daxildir.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, qalib fiziki şəxsin dövlətə 7 min 129,74 manat vergi borcu mövcuddur.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir.