Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Yusifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rövşən Yusifov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm ilə əvvəlki Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanaraq, o, 7 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, təqsirləndirilən Rövşən Yusifov tanışı Sevil Hacızadəni (soyadı şərtidir) aldadaraq ona özünü “İnvest Az” şirkətinin rəhbəri kimi təqdim edib və birjada yüksək qazanc əldə ediləcəyi barədə yalan vədlər verib. Bu məqsədlə 3 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi yaxınlığında Sevildən 16 000 ABŞ dolları (ekvivalent 27 200 manat) alıb, vəd etdiyi qazancı verməyib. Nəticədə Rövşən zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurub.
Təqsirləndirilən Rövşən Yusifov məhkəmədə özünü təqsirli bilərək deyib ki, zərərçəkmiş Sevil ilə “Təzə bazar”da balıq satışı vasitəsilə tanış olub, ona özünü “İnevest Az” şirkətinin rəhbəri kimi təqdim edib, birjada investisiya təklif edib. O, ifadəsinin davamında əməlindən peşman olduğunu, dələduzluq niyyətinin olmadığını, zərərçəkmişə dəymiş ziyanı ödədiyini və yetkinlik yaşına çatmayan övladlarının olduğunu söyləyib.