Məlum olduğu kimi, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəkləsə də, Hindistan təklifi yenə bloklayıb. Pakistan isə Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb. Bu addım Hindistanın Azərbaycanın üzvlük müraciətini yenidən bloklamasına cavabdır.
Hindistanın Azərbaycanın sözügedən təşkilata tamhüquqlu üzvlük təklifini bloklamasının səbəbi nə ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyünə dair müraciəti qarşısında Hindistanın əngəl kimi çıxış etməsi, yəni Bakının bununla bağlı ərizəsinə veto qoyması istər beynəlxalq münasibətlər prinsipləri baxımından, istərsə də çoxtərəfli diplomatiya prinsipləri baxımından qəbuledilməzdir və Hindistanın xarici siyasət kursunun cılızlığını, acizliyini göstərir.
"Sirr deyil ki, Hindistanın Azərbaycana münasibətdə bu cür radikal və yolverilməz münasibəti Azərbaycan-Pakistan münasibətləri ilə, daha doğrusu Azərbaycanın Pakistanın beynəlxalq hüququn aliliyinə əsaslanan mövqeyini dəstəkləməsi ilə bağlıdır. Baxmayaraq ki, Şanxay Əməkdaşlıq Təşkilatının təməl prinsipləri çoxtərəfli diplomatiyaya əsaslanır, yəni heç bir üzv dövlət digər dövlətə münasibətdə ikitərəfli mübahisələri çoxtərəfli platformaya daşımamalıdır, lakin Hindistan Azərbaycan-Pakistan münasibətlərinə əsaslanaraq Azərbaycanın təşkilata üzvlüyü qarşısında əngələ çevrilir ki, bu da təşkilatın özünün həm qarşısında duran mövcud vəzifələr, həm də perspektivləri baxımından yolverilməz presedentlərə gətirib çıxarır. Bu mənada, Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Hindistana müvafiq şəkildə təsir göstərməli və Hindistanın bu cür qəbuledilməz davranışları ifşa edilməlidir. Həmçinin Hindistana xatırladılmalıdır ki, uzun bir dövr ərzində, yəni Azərbaycan və Ermənistan arasında münaqişənin davam etdiyi bir periodda Hindistan davamlı şəkildə işğala, təcavüzə, separatizmə dəstək vermiş, hətta münaqişədən sonra belə münaqişənin yenidən alovlanması üçün Ermənistanın revanşist dairələrinin silah-sursat və siyasi dəstəklə təchiz olunmasını davam etdirmişdir. İndiki məqamda, Azərbaycan və Ermənistanın artıq ortaq yol tapdığı bir şəraitdə Hindistanın bu dəfə aqressiv ritorikasını başqa bir müstəviyə keçirməsi əslində Hindistanın bölgə üçün təhdidə çevrildiyini, öz bölgəsində və bütövlükdə üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatında sağlam, sülh və sabitlik, iqtisadi əməkdaşlıq mühitinə ciddi təhdid kimi çıxış etdiyini göstərməkdədir", - deyə millət vəkili qeyd etdi.