Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Ölkələr arasındakı sabitliyi nəzərə alsaq, oktyabrın 1-dən sonra quru sərhədlərin açılması ehtimalı varmı?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Referans-a açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı qalmasının əsas məqsədi təhlükəsizlik tədbirləridir.
“Zaman göstərdi ki, sərhədlərin bağlı olması, əslində, təhlükəsizliyimizin təminatı üçün nəzərdə tutulub. Buna da haqq qazandırmaq mümkündür. Düzdür, insanlar bundan əziyyət çəkirlər. Amma hazırda dövlətin təhlükəsizliyi bu dəqiqə ən vacib məsələlərdən biridir. Ona görə də bu kimi məsələlər məhz bu kontekstdən araşdırılıb qiymətləndirilməlidir. Hələ ki, müharibə dayanmayıb, proseslər elə də aydınlığa qovuşmayıb. Ona görə də bu məsələnin kökünə enmək olmaz”.
Deputat düşünür ki, istənilən qonşu ölkə ilə quru sərhədlərinin açılması məsələsi təmamilə Azərbaycanın öz daxili işidir.
“İndiki vəziyyətdə biz bütün ölkələrlə eyni yanaşma tətbiq etmişik. Bura Türkiyə, İran, Rusiya və s. ölkələr də daxildir. Ona görə də yaxın gələcəkdə belə bir addımın olmasını proqnozlaşdırmaq çətindir. Amma əvvəl-axır bu məsələ ilə bağlı bir qərar veriləcək. Bu səbəbdən hesab edirəm ki, müəyyən risklər azaldıqdan sonra müsbət qərar mümkün olacaq”.