Sabunçu rayonu, Balaxanı qəsəbəsində tüllantıların küçələrdən yığışdırılmasında yaranan ikitirəlik etirazlara səbəb olub.
"Bizimxeber"ə müraciət edən sakinlər bildiriblər ki, qəsəbənin Şəfqət və Yanardağ küçələri əsl zibil meydançasına çevrilib.
Sakinlərin sözlərinə görə, məsələ aylardır ki, davam edir: “Zibili aylarla daşıyıb aparmırlar. “Abadlıq” işçiləri deyir ki, biz yalnız məişət tullantılarını yığırıq, tikinti qalıqlarını aparmaq üçün texnikamız yoxdur. İcra Hakimiyyətinə zəng edirik, deyirlər ki, məsuliyyət “Abadlıq”dadır. Fakt odur ki, qeyri-məişət tullantıları küçədə qalaqlanıb, zibilin yığışdırılmasını biri o birinin üstünə atır. Küçəmiz zibil poliqonuna çevrilib”. Yay fəslində üfunət iyinin daha da artması, xəstəliklərin yayılma riski insanlarda ciddi narahatlıq doğurur.
Sakinlərin dediklərindən belə aydın olur ki, problemin əsas səbəbi məişət və qeyri-məişət tullantıları arasında məsuliyyət bölgüsünün aydın olmamasındadır. “Bakı Abadlıq” Xidməti yalnız məişət zibilinə görə cavabdehlik daşıdığını deyir. Tikinti tullantılarının daşınması üçün isə heç bir texniki təminat göstərilmir. Nəticədə isə məsələ aidiyyəti qurumların “bizlik deyil” münasibəti ucbatından illərlə yığılır. Sakinlər bildirirlər ki, bu vəziyyətlə barışmaq niyyətində deyillər.
Onlar artıq sosial şəbəkələrdə görüntülər paylaşaraq məsələni ictimailəşdiriblər. Sakinlər Sabunçu İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırladıqlarını da bildiriblər.