Məlum olduğu kimi, dünən Bakı metropolitenində böhranlı vəziyyət yaşanıb. Tribuna.az xəbər verir ki, aprelin 21-i nahar saatlarına yaxın bütün stansiyalarda hərəkət dayandırılıb.
Rəsmi açıqlamaya görə, böhranın yaşanmasına səbəb qatarların hərəkəti üçün nəzərədə tutulmuş enerji xəttində texnii nasazlığın yaranmasıdır. Belə ki, elektrik kəsintisi baş verdiyi halda yardımçı generatorlar işə düşməyib. Nəticədə, qatarların hərəkəti dayanıb və insanlar evekuasiya edilib.
Bu hadisə bir neçə vacib məqamı üzə çıxarıb. Birincisi, Bakı metropoliteninin rəisi Vüsal Aslanov imtahandan “2” alıb. Məlum oldu ki, o, idarəçilik qabiliyyətinə malik olmayan biri kimi, həm də ekstermal vəziyyətlərdə qərar vermək imkanlarına da sahib deyil.
Digər məqam isə odur ki, illərdir milyonlarla manat xərclənən, hər il büdcədən milyonlarla dotasiya alan metropolitendə ən vacib detallar işlək olmayıb. Halbuki elektrik enerjisi kəsilən zaman generatorlar dərhal işə düşməli idilər. Amma nə sirrdirsə, bu baş verməyib. Hətta generatorların işləmədiyi iddiaları da var.
Tribuna.az bildirir ki, metroda elektrik enerjisinin daimiliyini təmin etmək üçün Azərbaycan Prezidentinin 2019-cu ildə imzaladığı sərəncamı var. Bunun üçün bir neçə milyon manat pul ayrılmışdı ki, ümumi gücü 39 meqavat olan 17 ədəd generator alınsın. Maraqlıdır, əgər bu generatorlar alınıbsa, hanı onlar? Varsa, niyə işə düşməyib? Ən vacib olanı: generatorlar hardadır? Və onlara texniki qulluq edilməyibmi?
“Bakı Metropoliten”in rəisi Vüsal Aslanov bilməlidir ki, metro Bakıda sərnişinlərin əsas və aparıcı nəqliyyat vasitəsidir. Hər gün milyonlarla insan bu xidmətdən istifadə edir. Həmçinin anlamalıdır ki, metro strateji obyektdir və onun sazlığı prioritet olmalıdır. Əks halda, faciələrin baş verməsi qaçılmaz ola bilər.
Görünən odur ki, Vüsal Aslanov işinin əhli olmamaqla yanaşı, həm də idarəçilik məsələsində də geridə qalmış biridir. Cavid Qurbanova güvənərək, ölkə üçün strateji əhəmiyyət daşıyan bir obyektin bu hala salınması utancverici hadisədir.









