Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Cənubi Qafqaz üzrə 3+3 regional formatını dəstəkləməyə hazır olduqlarını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran və Ermənistan liderlərinin bu gün İrəvanda keçirilən görüşündən sonra imzalanan bəyanatda bildirilib.
“Onlar regional əməkdaşlıq mexanizmlərinin, o cümlədən 3+3 regional məsləhətçi platformasının təşviqini dəstəkləyiblər”, - məlumatda deyilir.
Qeyd edək ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.