“Məndə sadəcə, belə məlumat var ki, bu yolun mövzusu Azərbaycanın xahişi ilə 10 noyabr Bəyanatının doqquzuncu bəndində Laçın dəhlizi ilə simmetriya yaratmaq olub”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Kanal 5”-ə müsahibəsində Zəngəzur dəhlizi mövzusu ilə bağlı belə deyib.
“Biz uduzmamalıydıq, Azərbaycanın belə üstünlüyü yox idi, sizə dəqiq deyirəm. O isə (Paşinyan), deyək ki, ordunu təkmilləşdirmək şüarları ilə məhv etdi, indi kilsə ilə də eyni şeyi edir”, - deyə Köçəryan qeyd edib.
Arxiyepiskop Mikael Ajapaxyanın kifayət qədər müxalif mövqe tutması, siyasi mövzularda çıxış etməsi və xeyli sərt bəyanatlar verməsinə imkan yaratmasına gəlincə, Köçəryan bildirib:
“Bu hakimiyyətin asanlıqla keçdiyi “qırmızı xət”lər var. Çox düşündüm, amma yenə də subaylıqla ölkənin təhlükəsizliyi arasında hansı əlaqənin olduğunu başa düşmədim, bu əlaqəni tapa bilmədim. Nikol Paşinyan onu tapır”.
Robert Köçəryanın fikrincə, hazırda prokurorluq məhkəmə sisteminin bir hissəsi deyil, sadəcə olaraq “Vətəndaş Müqaviləsi”nin təbliğat maşınıdır.
Qeyd edək ki, Robert Köçəryanın həmişə olduğu kimi, bu dəfə də mühafizəkar-populist açıqlamalar verməklə Nikol Paşinyanla müqayisədə özünü daha güclü göstərməyə çalışıb.
Bununla da Köçəryan hakimiyyətə gələcəyi təqdirdə Zəngəzur dəhlizinin açılmasına razı olmayacağı, Azərbaycanın Ermənistan üzərində hazırkı üstünlüyünü aradan qaldıracağına dair mesaj verir.
Təbii ki, onun bu siyasi iddiaları 2026-cı ildə keçiriləcək parlament seçkilərinə, yəni daxili ictimai rəyə hesablanıb. Lakin aparılan rəy sorğuları Köçəryanın hakimiyyətə gəlmək şansının olmadığını göstərir.
Zəngəzur dəhlizinin guya keçmiş Laçın dəhlizinə simmetriya yaratmaq məqsədilə 2020-ci il 10 noyabr Bəyanatının mətninə daxil edilməsi barədə Köçəryanın sözləri isə siyasi uydurmadır.
Çünki Zəngəzur dəhlizinin strateji məqsədi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əalqəsini təmin etməkdir.
Bu gün rəsmi Bakı Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçidin həyata keçirilməsini tələb edir. Ermənistan 5 ilə yaxındır üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmir.
Azərbaycanın üstünlüyünün olmaması barədə Köçəryanın dediklərinə gəlincə, eks-prezident Birinci Qarabağ müharibəsi ilə hazırkı reallıqları görünür, dəyişik salıb.
44 günlük müharibədə Ermənsitan ordusunun necə ağır məğlubiyyətə uğrayıb dağıldığını dəfələrlə etiraf edən Köçəryan buna görə Paşinyanı ittiham edib. Bütün bunlar isə Azərbaycanın üstünlüyündən xəbər verir.
Ona görə də Azərbaycana ərazi iddiaları ilə yenidən hakimiyyətə can atan Köçəryanın Ermənistan rəhbərliyinə qayıdışı müharibədə daha ağır məğlubiyyətə səbəb ola bilər.