Rusiyanın Dağıstan Respublikasında çəyirtkələrin kütləvi şəkildə yayılması bölgədə fövqəladə vəziyyət elan edilməsinə səbəb olub. Bu hal Azərbaycanın kənd təsərrüfatı sektorunda da ciddi narahatlıq doğurub. Xüsusilə sərhədyanı ərazilərdə ziyanvericilərin yayılma riski artdığından, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. Məqsəd mümkün təhlükənin vaxtında qarşısını almaq və məhsul itkisinə yol verməməkdir.
Çəyirtkələrin yayılma riski nə qədər realdır? Kütləvi artımın səbəbi nə ola bilər? Hansı təhlükələr var?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev deyib ki, sürü əmələ gətirən çəyirtkələr əsasən Asiya, Mərakeş və İtaliya növlərinə aiddir:
“Bunlar Azərbaycanda xüsusi təhlükəli və zərərli orqanizm statusuna malikdir. Paralel olaraq, buna qarşı mübarizə həyata keçirilir. Respublika ərazisində bu çəyirtkələrin yumurtadan çıxdığı yerlər daima nəzarətdə saxlanılır. İlk növbədə, sürfə mərhələsində mübarizə aparılır. Dağıstanda isə çəyirtkələr artıq imaqo, yəni yetkin fərd vəziyyətinə çatıb. Bu, daha böyük təhlükə yaradır, çünki qanadlanıb sürü halında uçaraq nəzarətsiz şəkildə hər hansı istiqamətə hərəkət edə bilərlər. Hara düşsələr, qısa zamanda həmin ərazini məhv edə bilərlər”.
Mütəxəssis qeyd edib ki, çəyirtkələr bütün bitkilərlə qidalanan zərərvericilər üçün də təhlükə yaradır:
“Yəni, onlar üçün heç bir fərq yoxdur – qarşılarına çıxan hər yaşıl kütləni məhv edəcəklər. Buna görə də, qabaqlayıcı tədbirlər görülməli, bütün lazımi avadanlıqlar, dərman preparatları və çiləyici avadanlıqlar hazır vəziyyətdə saxlanmalıdır. Əgər çəyirtkələr bizə doğru uçub gəlib basqın etsə, dərhal mübarizəyə başlanmalıdır. Lakin konkret olaraq çəyirtkələrin Azərbaycana gəlib-gəlməyəcəyini öncədən demək mümkün deyil, çünki onlar Rusiyanın Stavropol vilayətinə və ya digər istiqamətlərə də uçub gedə bilərlər. Amma Dağıstanda varsa, ölkəmizə gəlmə riski də mövcuddur. Buna görə də, qabaqcadan hazırlıqlarımızı görməliyik”.