Xəbər verdiyimiz kimi, Abşeronda 16 yaşlı qızı qaçıran axund Turab Tahirov vəzifəsindən azad edilib. Lakin ictimaiyyətdə bununla bağlı fikirlər birmənalı deyil. Bəziləri hüquqi tədbiri normal qarşılasa da, çoxların onun məsuliyyətə cəlb olunmasını tələb edir.
Bu, mümkündürmü?
Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, sözügedən hadisəyə iki aspektdən yanaşmaq olar:
“Nikah münasibətləri; şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı faktorlarına nəzər salmaq lazımdır. Ailə Məcəlləsinin 10-cu maddəsinə görə, ölkədə nikah yaşı 18-dir. Lakin istisna hal da var. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu hal yalnız əsaslandırılmış səbəblər olarsa, məsələn, hamiləlik, birgə yaşamaq faktı və sair zamanı tətbiq olunur. Hazırkı stuatsiyada qız 17 yaşına çatmayıbsa, onlar nikaha daxil ola bilməzlər. Qanunvericlik buna icazə vermir. Yalnız qız 17 yaşına çatdıqdan sonra nikaha daxil olmaq istəyən şəxslərin birgə xahişi əsasında və müvafiq icra hakimiyyəti orqanının razılığı ilə rəsmi nikah mümkündür. Həmin şəxslərin rəsmi yox, faktiki ər-arvad münasibətində yaşaması tərəflər üçün heç bir hüquqi nəticə doğrumur”.
Vəkil bildirib ki, qız 16 yaş və yuxarıdırsa, həmçinin cinsi əlaqəyə könüllü razılığı varsa, bu, cinayət tərkibi yaratmır:
“Əgər qızın cinsi əlaqəyə razılığı yoxdursa və zor tətbiq olunubsa, Cinayət Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş zorlama cinayətinə görə məsuliyyət yaranır. Bunun üçün 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Qız 16 yaşdan aşağı olduqda, cinsi münasibətə razılığı olsa belə, yenə də əməldə cinayət məsuliyyəti yaranmış olur. Bu halda qızın razılığı hüquqi qüvvəyə malik deyil. Qanun onu bu cür münasibətlərə yetərli iradə sahibi saymır. Yektiklik yaşına çatmayan şəxsə qarşı zorla cinsi əlaqədə olma maddəsilə cinayət məsuliyyəti yaranır. Bu zaman üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur”.
A.Abbasov qeyd edib ki, bu tip hallarda ictimai əxlaq, dini nüfuzdan sui-istifadə və uşaqların müdafiəsi məsələləri də ön plandadır:
“Dini şəxsin, xüsusilə də axund statusuna malik birinin belə münasibətə girməsi hüquqi məsuliyyət yaradan haldır”.