Əvvəllər Yeni Suraxanı bələdiyyəsinin sədri işləmiş Fikrət Quliyevin cinayət işinin məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Hökmə əsasən, Fikrət Quliyev 9 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək Fikrət Quliyevin 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.
İstintaq zamanı müəyyən edilib ki, Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
unikal.org