Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi partiyaların və partiya bloklarının qeydiyyatı üçün sənədlərin təqdim olunması prosesi başa çatıb.
Artıq bir sıra partiya və bloklar bu məqsədlə Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Baş nazir Nikol Paşinyanın liderlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" Partiyası, rusiyalı milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” bloku, eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku, Qagik Tsarukyanın sədri olduğu "Çiçəklənən Ermənistan" Partiyası, "Melitokratik (ləyaqətli-red.) Ermənistan" Partiyası, sabiq ombudsman Arman Tatoyanın "Qartal Qanadları" Partiyası, həmçinin "Parlaq Ermənistan", Milli Demokratik Düşərgə, “Hamıya Qarşı”, Demokratik Həmrəylik partiyaları da seçkilərdə iştirak üçün MSK-ya müraciət ediblər. Qeydiyyat prosesi mayın 3-də başa çatacaq.
Qeyd edək ki, “Güclü Ermənistan” blokunun öz sənədlərini MSK-ya təqdim etməsi xüsusi diqqəti cəlb edib və müzakirə mövzusuna çevrilib. Çünki Nikol Paşinyanın əsas alternativi sayılan Samvel Karapetyanın seçkilərdə siyasi uğur qazanması onun namizədliyinin qeydə alınıb-alınmamasından asılı olacaq.
Hakimiyyət isə onu seçkilərə buraxmamaqda israr edir. Hətta Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Nikol Paşinyanla görüşündə “həbsdə olan bəzi dostlarının”, dolayısı ilə Samvel Karapetyanın seçkilərdə iştirakına şərait yaratmasını xahiş etsə də, Ermənistanın Baş naziri bunu qəbul etməyib.
Paşinyan bildirib ki, Samvel Karapetyan başqa dövlətin vətəndaşı olduğuna görə seçkilərdə namizəd kimi iştirak edə bilməz. Ona görə də Karapetyan Rusiya və Kipr vətəndaşlığından imtina edəcəyini bildirdi. Lakin MSK-nın “Güclü Ermənistan” blokunun namizədlər siyahısına liderlik edən Samvel Karapetyanın namizədliyinin qeydə alınacağı inandırıcı görünmür.
Çünki Ermənistan konstitusiyasının 48.2-ci maddəsinə görə, onun son dörd ildə Ermənistanda daimi yaşayışı olmayıb. Yəni Karapetyan sadələşdirilmiş qaydada Ermənistan vətəndaşlığı alıb. Son dörd ildə onun daimi yaşayış yeri vətəndaşı olduğu Rusiya Federasiyasının Moskva şəhəri olub.
Konstitusiyanın 48.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qəsdən ağır cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkən şəxslərin səs vermək və seçilmək hüququ yoxdur. Bu baxımdan, Samvel Karapetyanın deputatlığa namizədliyi çox güman ki, qeydə alınmayacaq.
Qeyd edək ki, Samvel Karapetyanın “Güclü Ermənistan” blokuna “Güclü Ermənistan”, “Yeni Dövr”, “Birləşmiş Ermənilər” və “Həyat üçün ölkə” partiyaları daxildir. Adları çəkilən son üç partiya ciddi sosial bazaya və nüfuza malik olmadığından Samvel Karapetyana əlavə siyasi divident gətirmək gücündə deyil.
Əksinə, Ermənistan Seçki Məcəlləsinə görə, sayı 3-dən artıq olan partiya blokları 10 faizlik seçki barajını keçməlidir. Yəni “Güclü Ermənistan” blokunda keyfiyyət deyil, kəmiyyət çoxluğunun yaranması Samvel Karapetyan üçün əlavə problem yaradacaq.
Sərvəti 4,5 milyard dollara çatmış Karapetyanın ətrafına toplaşan xırda partiyaların sədrləri ona dəstək adı altında pul əldə etməyə çalışır. Çünki "Yeni Dövr" Partiyasının sədri Harutyun Harutyun, Birləşmiş Ermənilər Partiyasının lideri Nairi Sarkisyan, eləcə də "Həyat Üçün Ölkə" Partiyasının sədri Mane Tandilyan da Samvel Karapetyanın namizədliyinin qeydə alınmayacağını və seçkilərdə qalib gələ bilməyəcəyini yaxşı bilir.
Onlar sadəcə olaraq Karapetyana dəstək vermək adı altında əslində, ona maliyyə və qazanc mənbəyi kimi yanaşırlar. Üstəlik, “Güclü Ermənistan” blokunda dörd partiya iştirak etdiyindən, 10 faizlik seçki barajı ilə üzləşəcək ki, bu da Karapetyan üçün ciddi maneə hesab edilə bilər.
Qeyd edilən kontekstdə Karapetyanın əsas rəqibi sayılan Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” seçkilərə heç bir bloka daxil olmadan tək partiya şəklindıə getdiyindən 4 faizlik barajı asanlıqla keçmək imkanı əldə edəcək ki, bu da hazırkı hakim komandanın seçkilərdə qələbəsini asanlaşdıra bilər.
Müşfiq Abdulla
"Cebheinfo.az"









