Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri gözlənildiyi kimi Z-blogerlər adlanan media seqmentində (Rusiya) kəskin reaksiyalara səbəb olub.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə fəaliyyət göstərən bu dairələr səfəri sərt ifadələrlə tənqid edir, onu “təxribat” və “yanlış addım” kimi təqdim etməyə çalışırlar. Z-kanallar arasında sanki “yarış” başlayıb – hər biri daha sərt ritorika ilə çıxış etməyə cəhd edir.
Bununla belə, müşahidəçilər bu reaksiyalarda açıq ikili standartların olduğunu vurğulayırlar. Belə ki, vaxtilə Rusiya Ermənistan rəhbərləri – Robert Koçaryan və Serj Sərkisyanı yüksək səviyyədə qəbul edib. Həmin dövrdə Azərbaycanın əraziləri işğal altında idi və bu şəxslər regiondakı separatizmin əsas simaları hesab olunurdu.
Bununla yanaşı, Moskvada qondarma rejimin nümayəndələri – o cümlədən Arkadi Qukasyan və Araik Arutyunyan ilə də təmasların qurulduğu, hətta onların qeyri-rəsmi “nümayəndəlik” fəaliyyətinə imkan verildiyi məlumdur.
Minval.az saytı qeyd edir ki, həmin dövrdə bu addımlar “diplomatiya” kimi təqdim olunduğu halda, bu gün Azərbaycanın Ukrayna ilə normal dövlətlərarası əlaqələri bəzi dairələr tərəfindən “xəyanət” kimi qələmə verilir.
Bizə görə, bu cür yanaşma reallıqdan çox, siyasi təbliğatın məhsuludur. Çünki Azərbaycan müstəqil dövlətdir və xarici siyasətini öz milli maraqları əsasında müəyyənləşdirir. Rəsmi Bakı kiminlə əməkdaşlıq edəcəyinə, hansı səviyyədə əlaqələr quracağına özü qərar verir.
Görünən budur ki, Z-blogerlərin emosional reaksiyası əslində səfərin mahiyyətindən daha çox, regionda dəyişən siyasi reallıqlardan narahatlıqla bağlıdır.









